"Ağsu rayonununda yüksək vəzifəli şəxslərin istifadə etdiyi qazın pulunu sadə vətəndaşların hesabına ödəməyə çalışırlar”.
Bunu redaksiyamıza müraciət edən Ağsu rayonu, Heydər Əliyev küçəsi, 79 ünvanında yaşayan Siyavuş Zabit oğlu Əfəndiyev bildirib.
Şikayətçi deyir ki, 2011-ci ildən onun mənzilinə smart tipli qaz sayğacı quraşdırılıb: "Həmin vaxt bütün borcumu ödəmişəm. Amma bu il mənə 154 manat borca dair çek təqdim olunub. Guya ki, 2012-2013-cü illərdə qaz borcum varmış. Halbuki smart tipli sayğaca əvvəlcədən ödəniş edəndən sonra qazdan istifadə etmək mümkündür”.
S.Əfəndiyev bir neçə gündür mənzilinə qaz verilişinin dayandırıldığını bildidi: "Neçə gündür qaz verilmir. Məsələ ilə bağlı rayon Qaz İstismar İdarəsinin rəisi Xəyyam Allahverdiyevin qəbulunda oldum. Mənə bildirdi ki, qaz pulunun 50 manatını ödədiyim halda bütün borc silinəcək. Mən bazarda kartof-soğan satmaqla məşğulam. İstifadə etmədiyim qaza görə o qədər pulu necə ödəyə bilərəm?”
Şikayətçi məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinə də müraciət edib: "Mənə dedilər ki, get məhkəməyə müraciət elə. Bunun üçün də maliyyə imkanım yoxdur. Mənə heç kim kömək etmir”.
Ağsu rayon Qaz İstismar İdarəsinin rəisi Xəyyam Allahverdiyev isə yerli mətbuata açıqlamasında şikayətçinin dediklərinin iftira olduğunu bildirdi: "Mən kiməm ki, kompüterin yaddaşına salınmış borcu silə bilim?! Bu adamın 500 manata yaxın qaz pulu borcu olub və borcun 154 manatı qalıb. Ona borcunun hissə-hissə ödənilməsi təklif olunub. Bu şikayətlərdən sonra isə hissə-hissə ödəniş güzəşti etməyəcəyik. "Azəriqaz” İstehsalat Birliyinin, Dövlət Neft Şirkətinin qaydalarına əsasən, borcu olduğuna görə mənzilinə qaz verilişi xətti kəsmək yolu ilə dayandırılacaq. Borcunu ödəyəndən sonra qaz verilişi bərpa edilə bilər”.
.
