
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı bir həftə ərzində baş tuta bilər.
Bu barədə Ağ Ev Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett “ABC News” telekanalına məlumat verib.
"Danışıqların dəqiq hansı tarixdə olacağı məlum deyil. Lakin 10-11 may tarixində Cenevrədə əldə olunmuş razılaşmanın müzakirəsi üçün belə bir danışığın keçirilməsi imkanı müzakirə olunub. Biz bu razılaşmanı böyük irəliləyiş kimi qiymətləndiririk. Bu, prezidentin bu həftə müzakirə etmək istədiyi mövzulardan biridir", – deyə Hassett bildirib.
Rəsminin sözlərinə görə, "hər iki tərəf" bu danışıqda maraqlıdır.
30 may tarixində Tramp, Si Cinpinlə telefon danışığının baş tutacağına və onların ticarət sahəsindəki fikir ayrılıqlarını həll edə biləcəklərinə əmin olduğunu bildirib.
Əvvəllər CNN telekanalı Ağ Evdəki mənbələrə istinad edərək məlumat vermişdi ki, ABŞ və Çin nümayəndələri iki lider arasında telefon danışığının təşkilinə dair danışıqlar aparır. Kanalın mənbələrinin sözlərinə görə, Ağ Ev belə bir danışığı ticarət danışıqlarının bərpası üçün növbəti vacib addım hesab edir.
.