Qeyri-tibb müəssisələrində yoxlamalar yalnız şikayət və ya araşdırma əsasında aparılır.

Bu fikirləri Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.

Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir:

"Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər".

T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:

"Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir. Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə, fiziki şəxslərə 2-3 min manat, vəzifəli şəxslərə 5-10 min manat, hüquqi şəxslərə isə 20-30 min manat cərimə nəzərdə tutulur. Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız məhkəmənin qərarından sonra qüvvəyə minir". 

AEM rəsmisi əlavə edib ki, əgər həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir:

"Bundan sonra məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir. İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluqda araşdırılır".

.