Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və komissar Stefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-in və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanununa əlavə və dəyişiklər ilə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin "Turan"a göndərdiyi açıqlamada deyilir.
"Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası tərəfindən öz üzərinə götürülən öhdəliklər yerinə yetirilmiş, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılıb.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınıb.
QHT-in və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır.
Azərbaycanda QHT-in və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir" - deyə açıqlamada göstərilir.
Eşton və Füle bəyanatlarında Azərərbaycan hakimiyyətini götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, AŞ Venesiya Komissiyasının iradları nəzərə alınmaqla QHT-lər haqqında yenidən baxmağa çağırırlar.
.