20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bir nəfəs qədər" tamaşası nümayiş olunub.

Tamaşadan öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Rejissor Samir Qulamov müəllifi və quruluşçu rejissoru olduğu səhnə əsəri haqqında ətraflı məlumat verib, tamaşanın  bugünkü nümayişinin heç də təsadüf olmadığını bildirib: 
“35 il öncə xalqımızın igid övladları qanlı imperiya ordusunun törətdiyi faciədə  qəhrəmancasına şəhid oldular. Müstəqilliyimizin təməlinin qoyulduğu o illərdə uşaq olsam da, hadisələr əbədi olaraq yaddaşıma həkk olunub.  44 Günlük Vətən müharibəsində də Azərbaycan Ordusunun qəhrəman oğulları və xalqımızın birliyi məni vətənpərvərlik ruhlu silsilə sənədli filmlər çəkməyə daha da ilhamlandırdı.
Akademik Musiqili Teatr olaraq biz 44 Günlük Vətən müharibəsində səhnədən səngərə, yorulmadan fəaliyyət göstərdik və informasiya müharibəsinə öz töhfələrimizi müxtəlif layihələrimizlə verməyə çalışdıq. 
Məsələn, "Döyüşən Teatr" sənədli filmində teatrımızın işıqçısı, 19 yaşlı şəhid Əliağa Məmmədov və digər əməkdaşlarımızdan söhbət gedir.  
 Bugünkü tamaşada şəhid anası obrazını canlandıran Gülnarə Abdullayevanın oğlu Elnur Abdullayev də II Qarabağ müharibəsinin iştirakçısı olub, hətta mühasirədə şəhid olması barəsində xəbərləri də yayılmışdı. Qalib əsgər kimi dönüşü hamımızı sevindirdi. 
  Teatrımızın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev elə həmin ərəfələrdə verdiyi  müsahibələrinin birində bildirdi ki, mən bu haqq savaşında qalib gələcəyimizə çox inanıram və qürur tariximizin şərəfinə  teatrda tam fərqli janrda bir səhnə əsəri hazırlayacağıq.
Xatırladım ki, şəhid analarına həsr olunan “Bir nəfəs qədər”in ilk nümayişi qələbəmizin 1-ci ildönümü münasibətilə təqdim edilib və həmin gün elə ilk tamaşaçılarımız şəhid, qazi anaları və onların ailə üzvləri olublar".
Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. 
 Səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. 
Tamaşada gənc pianoçu Kamil Həsənovun da fortepiano musiqisindən istifadə olunur.
Rollarda Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev, balet artistləri İranə Kərimova, Röya Mehralızadə, Kamran Həsənov iştirak ediblər.
 

.