
Xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi ilə bağlı 2025/26-cı tədris ili üçün 11 xarici ölkədən 100-dən artıq müraciət daxil olub.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, imtina edilən müraciətlərin sayı ümumi müraciətlərin 10 faizindən çox deyil. İmtinanın əsas səbəbləri kimi qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmaması və təhsil göstəricilərində uğursuzluq göstərilib.
Vurğulanıb ki, attestat əsasında xarici ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər qüvvədə olan qaydalara əsasən ölkə daxilindəki ali təhsil müəssisələrinə köçürülə bilməzlər.
Elm və Təhsil Nazirliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, tələbələrin köçürülməsi ilə bağlı apellyasiya müraciətlərinin nəticələri hazır olduqda ictimaiyyətə müvafiq məlumat təqdim olunacaq.
.