Azərbaycanda bir dəfəyə 88 şirkət ləğv edilib. Bu şirkətlərə bir nəfər rəhbərlik edib və o, dövlət büdcəsi vəsaitlərini "havaya sovurub”. Müxtəlif yollarla dövlət vəsaitlərinin oğurlanması barədə çox deyilib və konkret faktlar gətirilib. Hesablama Palatası da belə faktlarla mübarizə apardığını bildirir.
"Turan” agentliyi dövlət vəsaitlərinin "mənimsənilməsinin” klassik metodunu üzə çıxarıb. Burda bir günlük şirkətlər "birinci skripkadır”. Agentlik ləğv edilən 88 şirkətin siyahısını əldə edib. Bu şirkətləri 2013-cü ilin fevral-avqustunda əslən Astaradan olan gənc R.R.S təsis edib. Sosial şəbəkələrdəki profilinə görə Bakı Biznes Kollecinin məzunu sadə həyat yaşayır. Yəni yüzə qədər şirkətin sahibi dəbdəbəli avtomobillərinin fotolarını paylaşmır, profil fotosunda qar üstünə uzanıb.
Cüzi kapitallı yeni şirkətlər (hərəsi 10 manat) bütün dövlət strukturlarının tender və kotirovkalarında (Xarici və daxil işlər, təhsil, səhiyyə, ədliyyə, ekologiya və təbii sərvətlər, gənclər və idman, mədəniyyət və turizm nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyətləri, Elmlər Akademiyası və s.) iştirak edib və "qalib” gəlib. Burada yalnız Prezident Administrasiyasının İşlər İdarəsi istisnadır - yalnız bu qurum "gənc sahibkarı” yaxın buraxmayıb.
Hesablamalara görə, R.R.S-in indi ləğv edilən şirkətləri 3 milyon 677 min 569,72 manatlıq 115 saziş imzalayıb. Müqavilələr müxtəlif tədbirlərin təşkili, mal və işlərin satın alınmasını əhatə edir. Məsələn, Sumqayıt səhiyyə müəssisələri bu şirkətlərlə 616 min 866 manatlıq müqavilə bağlayıb.
Nə tender komissiyaları, nə Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi məlumata görə, zəruri kadr potensialı olmayan şirkətlərin küllimiqdarda dövlət vəsaitlərini talan etməsini "sezməyib”.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir günlük şirkətlər virtual büdcə xərclərini, məsələn, təmir-tikinti işlərini sənədləşdirmək üçün yaradılır. Büdcə işlərində, xüsusən ƏDV mənimsəmək üçün belə şirkətlərdən istifadə adi hadisədir.
İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, belə şirkətlər korrupsiya mexanizmləri vasitəsilə yuyulan dövlət vəsaitlərinin izini itirmək üçündür: "Sazişlər belə şirkətlərin adına rəsmiləşdirilir, nağdlaşdırma əməliyyatı aparıb həmin vəsaitlərin müəyyən hissəsini mənimsəyib, qısa müddət sonra həmin müəssisələri bağlayırlar. Bu, ictimai vəsaitləri oğurlamağın klassik üsullarından biridir. Vergi yoxlaması, Hesablama Palatasının auditi gəlmədən yoxa çıxırlar”.
Ötən saylarımızda hüquqi şəxslərin dövlət reyestri xidmətinin qısa müddətdə bir fiziki şəxs tərəfindən rekord sayda şirkəti qeydiyyata alması barədə məlumat vermişdik. Məsələn, Bakı sakini Ağarəhim Məmmədov 2013-cü il oktyabrın 21-dən noyabrın 6-dək (15 günə) 42 şirkət təsis edib. İkinci yeri Lənkəran rayonunun Vilvan kənd sakini Teymur Əliyev tutub. Onun 36 şirkəti var. Bir çox hallarda yeni şirkətlər cüzi nizamnamə kapitalı (5-10 manat) ilə yaradılıb.
Bu MMC-lərin yaranması məmurların korrupsiya maraqlarına xidmət edir. Məsələn, MMC yaradılır, qeydiyyatdan keçir, bir neçə dəfə maliyyə əməliyyatı (əksər hallarda şübhəli maliyyə əməliyyatı) aparır, sonra qapadılır. Hətta bəzən gələcəkdə məsuliyyətdən yayınmaq üçün audit yoxlaması da aparılır. Yəni müstəqil auditor rəyi olur ki, müəssisədəki maliyyə əməliyyatları qanunsuzluq olmayıb, vergilər vaxtı-vaxtında ödənilib və s. Ölkənin biznes mühitində bu MMC-lərin rol oynamamasını rəsmi statistika da təsdiqləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə hüquqi şəxslərin dövlət reyestrinə 7 min 879 yeni kommersiya və qeyri-kommersiya təşkilatı haqqında məlumatlar daxil olub. 2012-ci illə müqayisədə bu göstərici 45,4 faiz artıb. Ancaq bu MMC-lərin vergi daxilolmaları ötən il say artımına adekvat olaraq artıbmı? Təbii ki, yox, vergilərin əhəmiyyətli kəsimi bazarın daimi oyunçularının payına düşüb. Bu tip şirkətlərin xidmətindən daha çox idxal əməliyyatlarında istifadə edirlər.
Beləliklə, bəlli olur ki, qeydiyyatın sadələşməsindən istifadə edən işbazlar şübhəli əməliyyatlarını gerçəkləşdirmək və izi itirmək üçün "MMC kolleksiyaları” yığmağa başlayıblar. Ancaq qeydiyyata alınan MMC-lərin sayı barədə həvəslə danışan rəsmi statistika 2013-cü ildə ləğv edilmiş şirkətlər barədə heç bir rəsmi məlumat vermir. Görünür, bu barədə məlumatların MMC-lərin sayının sürətlə artması kimi pozitiv xəbərə neqativ fon verəcəyi üçün rəsmi statistika susmaq qərarına gəlib.
.
