Rəşt-Astara dəmir yolu layihəsi üzrə torpaqların alınması başa çatıb.
Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq mətbuat konfransında bildirib.
Nazir deyib ki, İran hökuməti bu layihə ilə bağlı illər ərzində üzərinə götürdüyü öhdəlikləri təxminən bir ildir yerinə yetirir.
Onun sözlərinə görə, layihənin icrası üçün valyuta öhdəliyi təmin olunub və Rəştdən Astaraya qədər 160 kilometrlik marşrut üzrə torpaqların alınması bütün çətinliklərə baxmayaraq, başa çatdırılıb.
Fərzanə Sadiq vurğulayıb ki, bu işlər İran Prezidentinin dəstəyi ilə həyata keçirilib, lakin layihə üzrə icra müqaviləsi hələ yekunlaşdırılmayıb və hazırda Ali Milli Təhlükəsizlik Şurası səviyyəsində qərar gözlənilir.
Nazir qeyd edib ki, icra müqaviləsinin yaxın zamanda təsdiqlənəcəyinə və bundan sonra tikinti işlərinə başlanacağına ümid edilir.
O əlavə edib ki, layihədə Rusiyanın maliyyə imkanlarından istifadə olunacaq və məqsəd növbəti üç il ərzində dəmir yolu xəttinin çəkilişini başa çatdırmaq və marşrutu istifadəyə verməkdir.
.
