Söhbət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayevdən gedir.
Müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrində çalışmış Famil müəllim 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir. 2019-cu ilin 21 iyun tarixindən isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.
Ali Attestasiya Komissiyasının rəhbəri kimi Famil Mustafayev ölkə Prezidentinin bu komissiyanın işinin təkmilləşdirilməsi və nüfuzunun artırılması istiqamətində qəbul etdiyi sərəncamların layiqincə icrası istiqamətində yorulmaz fəaliyyət göstərir. Onun rəhbərliyi altında son 4 ildə görülən işlər və tətbiq olunan yeniliklər buna əyani sübutdur.
Ali Attestasiya Komissiyası elm və təhsilin vəhdətinə xidmət edən görüşlərin, müxtəlif səpkili tədbirlərin keçirilməsinə, elmi qurumlarla əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Bu addımlar ölkəmizdə elmi potensialın yüksəldilməsi yönündə mühüm rol oynayır. Ali Attestasiya Komissiyası əsas fəaliyyət istiqamətlərində atdığı bütün addımlarda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişlərini rəhbər tutur və dövlət başçımızın böyük dəstəyini hiss edir. Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımlar ölkədə həyata keçirilən struktur dəyişikliklərinin ayrılmaz tərkib hissəsidir.
F.Mustafayev quruma sədrlik etdiyi müddət ərzində 3000-ə yaxın elmi işə baxılmış, prosedur qaydaları, normativ sənədlər və mexanizmlər əsaslı şəkildə yenilənmişdir.
Elmi dərəcə və elmi adların verilməsi prosesində yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar obyektivliyi və keyfiyyəti təmin etməyə yönəlmişdir. Ölkə başçısının 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” elmi dərəcələrin verilməsində beynəlxalq təcrübəyə əsaslanır. F.Mustafayevin rəhbərliyi dövründə dissertasiya işlərinin tərtibi, həcmi, təqdim olunma müddəti, dissertasiya şuralarının səsvermə qaydaları, səlahiyyət müddəti, xaricə göndərilən avtoreferatların yazılma dili, seminarlar, o cümlədən plagiat baş verən hallarda tətbiq olunan qaydalarla əlaqədar mühüm yeniliklər və dəyişikliklər həyata keçirilmişdir.
Bu gün Ali Attestasiya Komissiyasının rəhbərliyi bu sistemin dünya standartlarına uyğunlaşdırılması, nüfuzunun bərpa olunması, daha da möhkəmləndirilməsi, elmi adların, elmi dərəcələrin verilməsi üzrə prosesin şəffaflaşdırılması istiqamətində çox böyük işlər görür. Ali Attestasiya Komissiyasının ali məktəblərlə qarşılıqlı əməkdaşlığı alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə ciddi təkan verir. AAK-dakı islahatlar Azərbaycan elminin inkişafına, alimlərimizin tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə ximət edir. Komissiyanın yeni rəhbərliyinin həyata keçirdiyi islahatlar elmi ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.
Son illərdə Ali Attestasiya Komissiyası bütün sahələr üzrə komissiyalarda plagiat işlərə qarşı fəal mübarizə aparır. Lakin aparılan mübarizə tədbirləri bəzi könə qaydalarla işləməyi adət etmiş “dırnaqarası” tədqiqatçıların xoşuna gəlmir.
AAK sədrinə olunan “xahişlər” nəticəsiz qalması onları qane etmir.
Hazırda Azərbaycanda elmi adların verilməsində şəffaflığın təmin edilməsi, əsl elmi dərəcəyə layiq şəxslərin aşkarlanması AAK rəhbərliyi qarşısında tələb kimi qoyulub. Təəssüf ki, suibyektiv maraqları təmin olunmayan şəxslər Ali Attestasiya Komissiyasının fəaliyyətinə kölgə salmağa, aparılan böyük işlərə qara yaxmağa çalışır. Lakin Famil müəllim prinsipial şəxsiyyət kimi belə əsassız hücumlara əhəmiyyət vermədən məqsədyönlü fəaliyyətini davam etdirir. Bu sətirlərin müəllifi olaraq Bakı Dölət Universitetinin Müdafiə Şurasında doktorluq işimi müdafiə edərək AAK müraciət etdim.Doktorluq dissertasiyası bir dəfə geri qaytarılsa da, irəli sürülən obyektiv irad və qeydləri nəzərə aldıqdan sonra heç bir çətinlik çəkmədən Komissiyanın müsbət rəyini almaga müvəffəq oldum.
AAK-ın obyektivliyi və prinsipiallığı elmimizin tərəqqisinə, milli inkişafa xidmət edir. Gəlin bu yolda hamımız ona və onun dogru yolda olan rəhbərliyinə dəstək olaq!
İmdad BAYRAMOV
BDU-nun Psixologiya kafedrasının dosenti, psixologiya elmləri doktoru