Fasilədən sonra davam etdirilən məhkəmə prosesində Xədicə İsmayılova məhkəmə tərkibinə etirazını bir daha dilə gətirdi.
X.İsmayılova jurnalistlərin, xüsusilə də "Azadlıq” radiosunun və "Azadlıq” qəzetinin əməkdaşlarının zala buraxılmamasına etiraz etdi.
Hakim isə cavabında məhkəmə prosesinin açıq və şəffaf keçirildiyini bildirdi. Bundan sonra X.İsmayılova dayanmadan eyni tələbini təkrarladı: "Jurnalistlər zala buraxılsın... Jurnalistlər zala buraxılsın... Jurnalistlər zala buraxılsın... Əks halda ifadə verməkdən imtina edirəm”.
Prokuror isə bunun qarşılığında təklif etdi ki, təqsirləndirilən şəxsin bu hərəkətinin məhkəməyə hörmətsizlik kimi qəbul olunsun.
X.İsmayılova bu təklifə belə replika verdi: "Siz məndən hörmət gözləyirdiniz ki? Həbs edəcəksinizsə, elə indi edin”.
Bundan sonra məhkəmə heyəti müşavirəyə yollandı.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası başlayıb.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Ramella Allahverdiyeva bildirib ki, iş üzrə zərərçəkmiş Tural Mustafayev prosesə gəlməyib. O, telefon zənglərinə də cavab vermir. Buna görə zərərçəkmişin məcburi şəkildə prosesə gətirilməsi barədə qərar qəbul edilib.
Xədicə İsmayılova cinayət işinin materialları ilə tanış olmasının təmin edilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, bildirilib ki, cinayət işinin surəti ona təqdim ediləcək.
Sonra vəkillər vəsatətlərlə çıxış ediblər. Vəsatətlər Tural Mustafayevin iştirakı olmadan prosesə başlanmaması, Xədicə İsmayılovanın məhkəmə zalında şüşə kabinədən çıxarılaraq, vəkillərin yanında oturması və s. ilə bağlı olub.
Vəsatətlər təmin olunmayıb. Hakim bildirib ki, Xədicə İsmayılovanın şüşə kabinədən çıxarılmaması onun öz təhlükəsizliyi ilə bağlıdır.
Sonra prokuror Ramazan Hadıyev ittiham aktını elan edib. İttiham aktına əsasən, Xədicə İsmayılova qanunsuz sahibkarlıqla məşğul olub, külli miqdarda vergidən yayınıb. Həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Xədicə İsmayılova isə ittihamlarla razılaşmayıb, "AzadlıqRadiosu"nda ancaq efirə gedən materiallara görə məsuliyyət daşıdığını, vergi məsələləri ilə məşğul olmadığını deyib.
Bundan sonra o, dövlət ittihamçısının suallarını cavablandırıb.
