Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində, qızıl alverçisi Ramin Babayev ifadə verib.
Jurnalistlərə açıqlama verən təqsirləndirilən S.Qurbanovun vəkili Azər Tağıyev bildirib ki, zərərçəkmiş məhkəmədə dindirilən zaman MTN-in inzibati binasına nazirliyin əməkdaşları tərəfindən aparıldığını söyləyib. O, nazirliyin inzibati binasında təhqir edildiyini deyib: "Məni təhqir edən şəxsin adını açıqlamaq istəmirəm. Bununla bağlı həmin şəxslər məndən üzr istəsələr şikayətimi geri götürəcəm".
Günün ikinci yarısında keçirilən prosesdə zərərçəkmiş qismində İlham İbrahimov ifadə verib. O, qızıl alveri ilə bağlı 2014-cü ildə MTN-in inzibati binasına aparıldığını deyib: "Nazirlikdə Fizuli Əliyev və digər bir neçə şəxs məndən ifadə aldı. Bir gün saxlanıldıqdan sonra sərbəst buraxıldım".
Məhkəmənin növbəti prosesi aprelin 6-na təyin edilib.
.
