"İşğaldan azad edilmiş Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 16 minə yaxın insan yaşayır".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəniyyət mərkəzdə: ortaq gələcəyə təhlükəsiz yollar” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu üç rayonda 4 mindən çox ailə məskunlaşıb.

Emin Hüseynov qeyd edib ki, qarşıdakı dövrdə bu göstəricinin əhəmiyyətli dərəcədə və sürətlə artacağı gözlənilir: "Artıq ərazilərin minalardan təmizlənməsi, əsas infrastrukturun qurulması və digər mühüm bərpa işlərinin ən çətin mərhələsi geridə qalıb".

Xüsusi nümayəndə vurğulayıb ki, əsas məqsəd sakinlərin doğma şəhər və kəndlərinə dayanıqlı qayıdışını təmin etmək, ərazilərdə həyatın bütün sahələrini canlandırmaqdır.

Onun sözlərinə görə, bu proses yalnız yaşayış evlərinin, məktəblərin və infrastrukturun bərpası ilə məhdudlaşmamalı, həmçinin sosial və mədəni həyatın inkişafını əhatə etməlidir.

.