Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bu gün də  davam etdirilib.

APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdən sonra jurnalistlərə açıqlama verən S. Qurbanovun vəkili Azər Tağıyev bildirib ki, iclasda zərərçəkmiş şəxslərdən Elçin Kərimov ifadə verib. SOCAR-ın əməkdaşı olan E. Kərimov bildirib ki, onu və digər zərərçəkmiş İlham İbrahimovu nazirlikdə bir gün saxlayandan sonra sərbəst buraxıblar: "MTN əməkdaşlarından Rüfət adlı şəxs məndən altı karatlıq brilyant tapmağımı xahiş etmişdi. Mən də İlham İbrahimovdan istəmişdim. Çünki o qızıl alveri ilə məşğul idi. İlham bildirdi ki, onda həmin zinət əşyası var. Zinət əşyası İlhamdan almaq üçün 200 min dolları manata çevirmək üçün banka getdim. Bu zaman MTN əməkdaşları məni tutdu. Bir gün saxlanıldıqdan sonra gördülər ki, qanunsuzluq etməmişəm, buraxdılar".
Zərərçəkmiş Zeynal Şəfiyev bildirib ki, 2011-ci ildə onun saxta qızıl satması barədə MTN-ə məlumat daxil olub. Həmin vaxt barəsində cinayət işi başlamamaq üçün evini sataraq 12 min dolları MTN əməkdaşlarına verib.
Vəkil A. Tağıyev bildirib ki, hər iki zərərçəkmiş Sübahir Qurbanovu tanımadığını deyib.
Prosesdən sonra jurnalistlərə açıqlama verən vəkil Azər Tağıyev deyib ki, iclasda şahid qismində keçmiş MTN əməkdaşı Rüfət Abdullayev dindirilib. Zərərçəkmiş İlham İbrahimov və Elçin Kərimovun saxlanılmasında iştirak etmiş R. Abdullayev deyib ki, əməliyyat zamanı heç kimə zor tətbiq olunmayıb. Vəkil Azər Tağıyev bildirib ki, istintaq materiallarında həmin əməliyyat zamanı təqsirləndirilən Füzuli Əliyevdə silah olması barədə məlumat var. Həmin məsələyə münasibət bildirən R. Abdullayev isə bunun doğru olmadığını deyib.
Daha sonra iclasda zərərçəkmiş şəxs qismində "La Parfumery" mağazasının rəhbərlərindən olan Arif Vəliyev ifadə verib. A. Vəliyev bildirib ki, 2015-ci ilin mart ayında MTN-ə çağırılıb. Daha sonra MTN əməkdaşlarına 5 ədəd səbət göndərib. Həmin səbətlərin maya dəyəri 1000 manat, satış qiyməti 4000 min manat olub. O, həmin səbətləri öz istəyi ilə verdiyini, kiminsə ona təzyiq etmədiyini deyib.
Proses aprelin 11-də davam edəcək.


.