
Ukrayna “Prioritized Ukraine Requirements List” (PURL) müdafiə dəstəyi təşəbbüsü vasitəsilə silahların alınması üçün istifadə olunacaq 1,5 milyard ABŞ dolları cəlb edə bilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial şəbəkəsində məlumat verib.
“Tərəfdaşlarla birgə həyata keçirdiyimiz yeni PURL müdafiə dəstəyi təşəbbüsümüz artıq nəzərəçarpacaq nəticələr verir. Bu günə artıq 1,5 milyard dollarımız var”, - o qeyd edib.
Zelenskinin sözlərinə görə, NATO-nun təşəbbüsü sayəsində alyansa üzv ölkələr Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasında əməkdaşlıq edə bilərlər və bu, Ukraynanın müdafiəsini həqiqətən gücləndirən mexanizmdir.
“Bu günə Niderland 500 milyon dollar töhfə verib, Danimarka, Norveç və İsveçin birgə töhfəsi 500 milyon dollara çatıb, dünən isə Almaniya daha 500 milyon dollar əlavə edib. Bu, həqiqətən əhəmiyyətli dəstəkdir və mən Almaniyaya bu mühüm addıma görə minnətdaram”, - Ukrayna lideri əlavə edib.
O, digər ölkələrlə də danışıqların və müzakirələrin davam etdiyini vurğulayıb.
“PURL çərçivəsində hər bir töhfə Ukraynanın xalqın həyatını qorumaq və layiqli sülhü yaxınlaşdırmaq qabiliyyətinə birbaşa sərmayədir”, - V.Zelenski bildirib.
.