8 Noyabr - Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib.

Ölkənin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadında ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüz haqqındakı kəlamları, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanları, Müzəffər Ordumuz, Azərbaycan xalqının birliyi və gücünü əks etdirən şüarları, “Dəmir yumruq”, “Xarıbülbül” kimi rəmzlərini özündə əks etdirən audiovizual görüntülər nümayiş olunub.

Videoproyeksiyanı Azərbaycan musiqisinin ölməz korifeylərinin əsərləri müşayiət edib.

Daha sonra Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub. Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.

Zəfərin təntənəsi Bakıdakı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

.