Bu gün - 9 noyabrda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Qarabağ münaqişəsi bölgəsində tam atəşkəsin elan olunması və bütün hərbi əməliyyatların dayandırılması haqda bəyanatın imzalanmasının 2 ili tamam olur. Bu addımın atılması qan tökülməsinin sona çatdırılması və regionda dinc həyatın bərqərar olunması üçün imkan yaratdı.

Bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, 2020-ci il 9 noyabrında imzalanan razılaşmaya əsasən, bölgəyə gətirilən Rusiya sülhməramlı kontingenti onun qarşısında qoyulan tapşırıqları effektiv şəkildə yerinə yetirir, vəziyyətin stabilləşdirilməsi və regionda təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətli dərəcədə töhfə verir: "Bunu bizim həm Azərbaycandan, həm də Ermənistandan olan dostlarımız yüksək qiymətləndirir".

XİN rəsmisi qeyd edib ki, 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, 2022-ci il 31 oktyabr tarixli bəyanatlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün kompleks tədbirlərin başlanmasının əsasını qoyub: "Ölkələrin Baş nazir müavinlərinin həmsədrliyi altında Üçtərəfli İşçi Qrupunun fəaliyyəti çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində böyük işlər görülüb. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialından maksimum istifadə edə bilmək üçün konkret layihələrin ən tez zamanda reallaşdırılması üçün iş aparırıq. 2021-ci ilin 26 noyabrda ölkə liderlərinin gəldiyi qərara əsasən, Ermənistan - Azərbaycan sərhədlərinin Rusiyanın da konsultativ iştirakı ilə demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiya fəaliyyətə başlayıb. Bu qurumun fəaliyyəti Azərbaycanla Ermənistan arasındakı sərhəddəki vəziyyətin stabilləşdirilməsi nöqteyi-nəzərindən olduqca vacib əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistandan olan həmkarlarla sülh müqaviləsinin hazırlanması üzrə sıx koordinasiya həyata keçirilir. Bizim ölkəmizin aktiv iştirakı ilə bu iki ölkənin xalqları arasında etibarın möhkəmləndirilməsi üçün ictimaiyyət nümayəndələrinin, mütəxəssislərin və parlamentarilərin iştirakı ilə dialoqların inkişaf etdirilməsi istiqamətində lazımi addımlar atılır. Rusiya rəsmi Bakı və İrəvanla Cənubi Qafqazda sülhün, stabilliyin təmin olunması, regionun inkişafı çərçivəsində bütün zəruri addımların atılması üçün əməkdaşlıq edəcək".

Rusiya XİN Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünə münasibət bildirib

Hər iki tərəfin verdiyi bəyanatlara nəzər salanda görürük ki, sülh müqaviləsinin hazırlanması mövzusunda fikir mübadiləsi davam edir. Müzakirə aparılarkən həmçinin Soçidə keçirilmiş sammitin də nəticələri nəzərə alınıb.

Bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Mən deməzdim ki, tərəflər razılaşmalar zamanı əldə olunan müddəalardan imtina edib. Xatırladım ki, 31 oktyabr tarixli birgə bəyanatda liderlər regionda davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasının vacibliyini vurğulayıblar. Əldə olunmuş nəticələr əsasında qarşılıqlı şəkildə qəbul edilməsi mümkün olan yekun qərarın verilməsi üçün həll yollarının axtarışının davam etdirilməsi təklif olunub. Biz öz tərəfimizdən bu prosesə lazım olan hər bir dəstəyi göstərməyə davam edəcəyik. Rusiyanın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində roluna gəlincə isə, Soçidə ölkə başçıları bütün üçtərəfli razılaşmaların şərtlərinə sadiq qaldıqlarını təsdiq etdilər. Bu, Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərin kompleks şəkildə normallaşdırılması üçün həyata keçirilən birgə işlərin əsasını təşkil edir", - Zaxarova "Bu yaxınlarda Vaşinqtonda keçirilmiş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunu barədə nə deyə bilərsiniz? Noyabrda iki ölkə liderinin Brüsseldə keçirilməsi planlaşdırılan görüşünü nəzərə alsaq, demək olarmı ki tərəflər Rusiya əvəzinə Qərbin iradəsi altında münasibətlərin normallaşdırılmasını seçiblər?" suallarına cavab olaraq qeyd edib.

.