“Əldə olunmuş razılaşmaları icra etmək lazımdır. Bu, elə zəmanət deməkdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “Rusiya tərəfi Xankəndiyə Azərbaycan ərazisində rəsmi Bakı ilə danışıqlar aparmağı təklif edir. Qarabağ ermənilərinin təhlükəsizliyinə kim təminat verir” sualına cavabında bildirib.

Zaxarova qeyd edib ki, bu sualın cavabı çox sadədir: “Əgər nə barədəsə razılaşma olubsa, üstəlik imzalar atılıbsa, üstəlik yüksək səviyyədə bu imzalar atılıbsa, bunu reallaşdırmaq lazımdır. Üçüncü tərəfləri, artıq üçüncü deyil, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil… Razılaşmalar var, onları icra etmək lazımdır. Bu elə zəmanət deməkdir”.

Rusiya XİN sözçüsü Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyində kardinal dəyişikliyin olduğunu xatırladıb: “Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyi kardinal şəkildə dəyişib. Üstəlik, məhz İrəvan üçün əsas olan məsələ ilə bağlı… Bu İrəvanın məsələsidir, onların daxili qərarıdır”.

.