Zaqatalada iki nəfərin xəsarəti ilə nəticələnən yol qəza hadisəsi baş verib.
ARB Şəki xəbər verir ki, hadisə gecə saatlarında Danaçı kəndi ərazisində qeydə alınıb.
Rayonun Höytala kənd sakini, Ramazan Abdulla oğlu Kahayev idarə etdiyi "VAZ 21 09” markalı, Rusiya dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Danaçı kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarına aşıb.

Qəzadan sonra sürücü Ramazan Kahayev xəsarət almasa da, avtomobildə olan sərnişinlər, rayonun Höytala kənd sakini 34 yaşlı Rafayıl Məmməd oğlu Kahayev və rayonun Danaçı kənd sakini, 34 yaşlı Şahin İslam oğlu Siracov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan Şahin Siracovun vəziyyəti qismən ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Rafayıl Kahayevin xəsarətləri yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
