Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbədə Türkiyənin dəstəyinə görə təşəkkürünü çatdırıb.

Z. Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertindən əvvəl çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü bildirib.

Bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.

Nazir qeyd edib ki, Vətən müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindəndir: “Ali Baş Komandan İlham Əliyevin liderliyində həyata keçirilən bu hərəkatla bağlı çox sayda analiz aparılmaqdadır”.

Z. Həsənov Türkiyənin dəstəyinin müharibədən sonrakı dövrdə də davam etdiyini vurğulayıb: “Müharibə bitdiyi gündən bu günədək azad edilən torpaqlarda həyata keçirilən böyük fəaliyyətlərdə Türkiyə yaxından iştirak edir”.

.