Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən verilən xəbərə görə, müraciətdə qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməsi üçün onun təmiz saxlanılmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır: “Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar”.

Bildirilib ki, bir sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirmələri yolverilməzdir.

“Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq"- deyə müraciətdə qeyd olunur.

.