Musa müəllim salam, Anım Günü ilə əlaqədar ürək sözlərinizi şərh etməyi xahiş edirəm.
Artıq 5-ci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 
Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür.  
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbəiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur.
Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni faşizmindən azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu, bu müqəddəs missiyanın öhdəsindən bacarıqla gəlmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bununla da 30 ildən çox davam edən erməni işğalına son qoyulmuş, Azərbaycan təkbaşına, öz gücü və imkanları ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına nail olmuşdur.
Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. 
27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq.
Xalqımız şanlı Qələbənin davamını, Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyulmasını gözləyirdi və buna inanırdı. Nəhayət həmin tarixi an yetişdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.
Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız yenidən bərpa olunur. 
Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 

.