
27 senytabr Vətən Müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anım günüdür.
Ermənistan ordusu genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması səbəbindən Silahlı Qüvvələrimizin bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verməsindən 5 il ötür.
Bu şərəfli gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük Vətən Müharibəsinin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Azərbaycanın minlərlə övladı Ermənistanın davam etdirdiyi 30 illik işğala son qoymaq üçün silaha sarılıb, canını qarı düşmənin təxribatlarına, güllələrinə sipər edib. Onlar böyük şücaət, dillərə dastan olacaq qəhrəmanlıqlar göstərərək vətən torpaqlarını azad ediblər və zəfər tariximizi öz qanları ilə yazıblar.Bu müqəddəs savaşda üç minə yaxın igidimiz canlarından keçdi.
Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi.
Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir.
Yeni Zaman Partiyası bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, onların xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların doğma və yaxınlarına dərin hüznlə başsağlığı verir! Qazilərimizə can sağlığı arzulayırıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yeni Zaman Partiyasının Mərkəzi Şurası
.