Görkəmli şəxsiyyətlər hər zaman mənsub olduğu millətin taleyini yaşayır. Azərbaycanın ən yeni tarixi şəxsiyyətin və liderin ictimai-dövlət həyatındakı rolunun əsrlər dəyişdikcə nəinki azalmadığı, hətta effektiv çalarlar qazanaraq praqmatik məzmun və mahiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Təbii ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi inkişafın obyektiv qanunauyğunluqlarını dərindən dərk edən, cəmiyyətin dinamik güclərini vahid ideya ətrafında səfərbər edərək, addım-addım hədəfə çatmağı bacaran strateji və proqressiv düşüncə tərzinə, bitkin bir missiyaya malik rəhbər modelini ehtiva edir. Belə rəhbərin fəalliyyəti möhkəm sosial-iqtisadi və ideoloji bazaya, elektoratın sonsuz inamına söykənən bir sistemə malikdirsə və bütün bu komponetlərin məcmusu yeni və qüdrətli liderə transformasiya edirsə, daha əzəmətli və uzunömürlü olur. Ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında xalqımız öz taleyində məhz belə uğurlu fenomenə şahidlik etməkdədir.

Məmnunluq hissi ilə qeyd istərdik ki, əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan, regionda çox böyük nüfuza malik olan və geniş spektrli vizyon sahibi cənab İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daimi yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb.

Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürdülməsi, Ermənistanla, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, regional inteqrasiya proseslərinin

sürətləndirilməsi vahid siyasi platformaya söykənən çoxşaxəli və geniş miqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.

Məlumdur ki, qloballaşma dövlətlərin sabit inkişafı, ərazi bütövlüyü və idarəetmə sistemlərinin rasional və effektiv işləməsi, iqtisadi-siyasi inteqrasiyası kimi məsələlərdə dövlətlərin, xüsusilə yeni demokratiyaların identikliyi kimi həyati problemləri ciddi təsirlərə məruz qoyur. Lakin post-modern xarakterli bu prosesdə milli mənliyin identikliyini qoruyub saxlayan çox mühüm sarsılmaz ideoloji təməli və təminatı ölkənin hər bir vətəndaşının özünü sosioloji və ya etnoqrafik anlamda əsl azərbaycanlı hiss etməsi xalqımızda əsrlərdən bəri formalaşdırılmış, genetik kodlara hopmuş normalar sistemi ilə hərəkət etməsidir. Soydaşlarımızın mənlik ruhunun saxlanmasında, onların dünya silvizasiyasında bir millət kimi özünü təsdiqində azərbaycançılıq ideologiyasının danılmaz rolunu dəfələrlə vurğulayan Ulu Öndərimiz bu ideologiyanı heçbir fikir müxtəlifliyinə məruz qoymamağı tövsiyə etmişdir. Heydər Əliyevin nəzəri irsində azərbaycançılıq, dünyanın harasında yaşamasından asılı olmayaraq milli həmrəyliyin ideologiyası kimi işlənmişdir. Ona görə də dövlətçilik, vətənçilik kimi fenomenlər azərbaycançılıq ideologiyasından bəhrələnməli və bununla da öz növbəsində məfkurənin sosial-milli məzmununun saflığını qorumalıdırlar. Maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnmiş Ümummilli liderimizin sosial-fəlsəfi irsində vətən, millət və milli dövlət anlayışları azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi kimi qarşımıza çıxır. Beləliklə, azərbaycançılıq bir ideya kimi müharibə şəraitində olan ölkəni qələbəyə aparmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələrin birlik simvoluna çevrilmişdir.

Şübhə yoxdur ki, müstəqil dövlət quruculuğunun əsas amillərindən biri olan dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, onun sərəncamı ilə təstiq olunmuş regional inkişafa dair Dövlət proqramları ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Ötən on səkkiz il ərazində iqtisadiyyatımızın artım tempi dünyada analoqu olmayan səviyyəyə yüksəlmişdir. Uğurlarımız isə göz qabağındadır.

Belə ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin

islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.

İqtisadi naliyyətlərin gündəlik həyata proyeksiyası və produktivliyi baxımından gəlinən nəticə odur ki, Prezident İlham Əliyevin siyasətinin əsasında insan amili dayanır və son nəticədə vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına xidmət edir. Bəzi rəqəmlərə müraciət edək. 2022-ci ilin əsas maliyyə sənədində sosialyönümlüyün davam etdirilməsi, əhalinin rifah halının yax­şılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib. Belə ki, növbəti ilin dövlət büdcəsinin 46,4 faizini sosialyönümlü xərclər təşkil edir. İldən-ilə bu istiqamətdə görülən işlər üçün sosial xərclər məqsədilə ayrılan vəsaitlərdə artımlar nəzərdə tutulur. Elə növbəti ilin xərcləri də əvvəlki illə müqayisədə 13,5 faiz çoxdur. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Minimum əməkhaqqı artımı dövlət və özəl sektor üzrə ümumən 800 min işçini əhatə edəcək. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Vurğulamaq lazımdır ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. 2022-ci il yanvarın 1-dən təkcə minimum əməkhaqqı deyil, həmçinin pensiyalar, müavinətlər və təqaüdlərdə də artımlar olacaq. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edəcək. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.

Müstəqil Azərbaycan dövləti bu gün regionun reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tblisi-Ceyhan neft, Bakı-Tblisi-Ərzurum, TAP, TANAP qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın, həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə samballı töhfəsi sayılmalıdır. Pezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim qlobal iqtisadi-siyasi sistemdə mövqelərimiz daha da

möhkəmlənəcəkdir. Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqına sülh, əminamanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Təkcə Bakı-Tblisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycanın nəinki regional, eləcə də dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrətinin bariz nümunəsidir.

Qürur hissi ilə vurğulamaq istərdik ki, öz torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan son dövrlər bir çox meqa lahiyələr həyata keçirir. Bu baxımdan özündə həm geoiqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi nəinki Azərbaycan və Türkiyə üçün, bütövlükdə Asiya regionu və türk dünyası üçün də olduqca vacib bir layihədir. Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Burada siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi və təhlükəsizlik məqamları bir-biri ilə çulğaşıb. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil. Dəhliz sayəsində regionlararası yüklər daha qısa yolla və daha az müddətdə daşınacaq və Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda infrastruktur erməni işğalçıları tərəfindən dağıdıldığından dənizlərə çıxış imkanları bərpa edilir. Zəngəzur dəhlizinin Naxçıvanın blokadadan çıxması, Azərbaycanın Avropaya daha qısa yolla çıxışı və Avropa-Asiya arasındakı əlaqələrə də təsiri olacaq. Zəngəzur dəhlizinin Ermənistan Respublikasının ərazisindən keçən hissəsi cəmi 46 km olsada, onun Türk dünyası, region və qlobal miqyasda strateji əhəmiyyəti heç bir rəqəmlə ifadə edilməyəcək qədər böyükdür. Gələcəkdə on milyonlarla ton yük dövriyyəsinə qovuşacaq bu dəhliz həm də qonşu dövlətlərin qlobal maraqları baxımından strateji əhəmiyyət daşıyır.

Biz bu gün fəxrlə deyirik ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Xarici siyasətimizin əsas missiyalarından biri məhz bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamətləndirir, addım-addım məqsədinə çatır. Ulu Öndərimizin əsasını qoyduğu, formalaşdırdığı və müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq keyfiyyətcə yeni məzmunda uğurla davam etdirilir. Bu baxımdan Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də bütün region üçün bir nümunə, model sayıla bilər. Son illərdə qazanılan naliyyətlərdən danışarkən, Azərbaycanın regionun şəksiz lideri olduğunu xüsusi qeyd etmək lazımdır. Ölkəmiz siyasi və iqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən daha kənara çıxmağa başlayıb. Azərbaycan, bir tərəfdən ABŞ, Avropa dövlətləri, həmçinin MDB ölkələri ilə, digər tərəfdən Şərq, İslam dünyası ilə qarşılıqlı, faydalı əməkdaşlığa söykənən ikitərəfli münasibətlər qurub. Eyni zamanda Azərbaycan dünya dövlətləri ilə, əlaqələrini müxtəlif beynalxalq təşkilatlar, xüsusən də Avratalntika çərçivəsində, yəni çoxtərəflii formatda da uğurla inkişaf etdirir.

Lakin diplomatik mübarizə arxasında ciddi hərbi uğurlar dayandığı zaman daha əzəmətli olur. Bu baxımdan 27 sentyabr 2020-ci il tarixi xalqımızın yaddaşında dərin və silinməz iz buraxdı. Həmin gün 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu qələbəni Azərbaycan xalqı illərdir səbirsizliklə gözləyirdi. Bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı müsbət imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi. Azərbaycana yeni nəfəs, yeni can gəldi. Biz bu gün bir daha doğulduq, bütöv olduq, bir olduq. Bunun da kökündə cənab Prezidentin səbəb və nəticə əlaqəsinə söykənən düşünülmüş xarici siyasəti dayanır. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən Ulu Öndər Heydər Əliyevin də, bütün əsgər və zabitlərimizin də ruhu şaddır.

Məlum olduğu kimi, Cənab Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasət kursunda Ermənistanla münaqişədə tezliklə ədalətli sülhə, sərhədlərin delimitasiya və demarkasiyasına nail olmaq mühüm yer tutur. Məhz dövlətimizin başçısının apardığı gərgin iş sayəsində, ən son Soçi və Brüssel danışıqları da sübut etdi ki, dünya dövlətləri və nüfuzlu beynalxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynalxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi tanınması, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir. Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynalxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.

Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Belə ki, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişafın, tərəqqinin özünə məxsus, mütərəqqi, milli modeli formalaşıb. İnkişafın Azərbaycan modeli adlanan bu model sayəsində ölkəmiz gündən günə qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişlənməsi Azərbaycanı yeni naliyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet istiqamətlərini təşkil edir. Məhz bunun sayəsində ölkəmiz gündən günə inkişaf edir, insanların rifahı getdikcə yaxşılaşır.

Beləliklə, yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli tarixi sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perespektivləri baxımından yeni imkanlar

açmaqdadır. Möhtərəm İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən növbəti illərdə də uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daima sadiq qalacaqdır.

Emil Abasov
YAP Pirallahı yerli təşkilatının sədri
.