30 ilə yaxın işğalda qalan torpaqlarımızın azadlığı ilə nəticələnən, Azərbaycan xalqının milli qüruruna çevrilən, başımızı ucaldan, ruhumuzu yüksəldən Qələbə ermənilərin uydurduqları mifləri darmadağın etməsi ilə önəmlidir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, əslində, bir ölkənin, xalqın yox, insanlığın qələbəsidir. İşğaldan azad edilmiş yurd yerlərimizdəki mənzərəni gördükcə buna hər birimiz əmin oluruq. Ermənilər işğal altında saxladıqları yaşayış məskənlərimizdə nə varsa söküb dağıdıblar. Ağdam, Füzulu, Cəbrayıl boyda şəhərlərimizin, abad kəndlərimizin daşı-daş üstündə qalmayıb. Hamısını daşıyıb aparıb, satıb-sovublar. Bu qədər genişmiqyaslı vandallığı, dağıdıcılığı ancaq elementar bəşəri prinsiplərdən, ali dəyərlərdən uzaq vəhşi toplumlar edə bilərlər. Bu vandallıq mənzərələri, əslində, Azərbaycan dövlətinin necə faşist xislətli bir düşmənə qalib gəldiyini, dünyanı necə qara ləkədən təmizlədiyini göstərir. 
İkinci Qarabağ müharibəsi cənnət yurdlarımızı havadarlarının əli ilə zəbt edən azğın düşmənin özü haqqında yaratdığı mifləri məhv etdi. Göründü ki, Azərbaycan Ordusunun qüdrəti qarşısında Ermənistanın quldur birləşmələrinin cəmi bir neçə günlük gücü varmış. Azərbaycan igidləri qısa zaman ərzində işğalçı ölkənin bütün ordusunun axırına çıxdılar. Onları torpaqlarımızdan qovdular. Bu iflasdan sonra Ermənistanın yenidən özünə ordu yarada bilməsi üçün onilliklər lazımdır. 
Müharibə artıq 9 aydır qurtarıb. Bu müddətdə Azərbaycanın atdığı bütün addımlar sülhə, iqtisadi dirçəlişə və işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın dirçəlməsinə yönəlib. Azərbaycan postmüharibə dövründə bu ərazilərdə sürətlə quruculuq işlərinin aparılması ilə məşğul olsa da, Ermənistan münaqişənin yenidən alovlandırılması ilə məşğuldur. İşğalçı Ermənistan faşizmin quluna çevrildiyini anlamadan yenə də revanş siyasətindən əl çəkmir. Bu ölkə Azərbaycana qarşı təxribatlarını getdikcə daha da intensivləşdirir. Son baş verənlər də onu göstərir ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına könüllü şəkildə əməl etmək istəmir. Beynəlxalq hüququn norma və prinsiplərini tanımayan Ermənistan bölgədəki sülh üçün təhdid yaratmaqda davam edir. Paşinyan danışıqlara hazır olduğunu bəyan edir, amma elə bu bəyanatda 30 il erməni vandallığını dilə gətirməyən Minsk qrupundan təkliflər gözlədiyini bildirir. Görünən odur ki, cəmi 9 ay əvvəl bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qaldığını unudan bu terror yuvası aldığı dərsdən hələ də nəticə çıxara bilməyib. 
Azərbaycan regionda sülh və sabitliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan, özünü bu prosesin bir parçası kimi görərək imkanlardan faydalanmaq istəyən hər kəsin önündə geniş fürsətlər dünyasının qapılarını açıb. Regionun gələcək mənzərəsini tərəqqipərvər bəşəriyyətin gözləri önündə şəkilləndirib. Eyni zamanda belə bir gələcəyin qurulması, bölgənin təhlükəsizliyini, inkişaf axarını təhdid edən amillərin aradan qaldırılması üçün əsas gözləntiləri öz ünvanlarına yetirir. Bu gözləntilərin mühüm bir qismi ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsi, Rusiyanın bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməməsi və Ermənistanın digər ölkələr tərəfindən silahlandırmamasıdır.
Bu baxımdan Ermənistan Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın davamlı olmasını təmin etmək üçün üçtərəfli bəyanatın müddəalarına şərtsiz əməl etməlidir. Bu terrorçu dövlətin yeni reallıqları qəbul etməsi üçün bütün region ölkələri də öz prinsipial mövqeylərini ortaya qoymalı və Ermənistanı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə məcbur etməlidirlər.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı 
.