"Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döyən şəxslərdən biri tutulub.
Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Cəbrayılov məlumat verib.
L. Cəbrayılov qeyd edib ki, ötən gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Pişşari "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında tutulub.
Hazırda polis F.İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirir.
Qeyd edək ki, "Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
.
