"Yeni Müsavat" noyabrın 10-dan etibarən çapını dayandırır. Bu gün qəzetin rəhbərliyi son günlər qəzetə edilən təzyiqlərə etiraz olaraq bu barədə qərar verib.
Musavat.com-a verilən məlumata görə, qəzetin çapının dayandırılması heç də qarşıdakı bayram günü ilə bağlı deyil. Məlum olduğu kimi, həftədə yeddi gün çap olunan "Yeni Müsavat" qəzeti əvvəlki 7-8 günlük bayram tətillərində də bir-iki gün istisna olunmaqla, hər zaman nəşr olunurdu. Bu dəfə qəzetin çap olunmamasının səbəbi qəzetin satışına qəsdən yaradılmış süni maneələr, bununla əlaqədar olaraq ortaya çıxan maliyyə böhranı, sair problemlərdir. Redaksiya bu duruma və qəzetin mövcudluğuna mane olanlara etiraz olaraq bu addımı atır.
Noyabrın 10-da 24 yaşını qeyd edəcək "Yeni Müsavat"ın bu qərarının zərurət üzündən verildiyini bəyan edən qəzet rəhbərliyi bildirir ki, kollektiv bununla ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək fikrindədir.
Onu da qeyd edək ki, qəzetin nəşr olunmadığı günlərdə musavat.com saytı fasiləsiz olaraq fəaliyyət göstərəcək və oxucuları informasiya və yazılarla təmin edəcək.
Redaksiya "Yeni Müsavat"ın kağız variantını 12 oktyabrdan etibarən bərpa etməyə çalışacaq.
.