Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barelinin qiyməti 0,93 dollar bahalaşaraq 53,26 dollar, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti isə 0,99 dollar artaraq 56,46 dollar olub. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neft isə 0,41 dollar yaxud 0,73% ucuzlaşıb. Belə ki, "AzəriLayt”ın bir barelinin qiyməti 55,97 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti də 1 barelə görə 0,11 dollar azalaraq 53,15 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 56,30 dollar olub.
Qeyd edək ki, OPEK-ə üzv olan və olmayan dövlətlər arasında əldə olunmuş razılaşma çərçivəsində hasilat həcmlərinin azalmasına dair xəbərlərin fonunda neftin qiymətində kəskin artım baş vermişdi. Belə ki, 10 dekabr 2016-cı ildə Vyanada keçirilən görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər. Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib.
Küveyt Milli Neft Şirkətinin rəhbəri Camal Cəfər yanvarın hasilat həcminin sutkada 130 min barel azaldılaraq 2,75 mln. barrelə endirildiyini bildirib. Bu bəyanatdan sonra, "Brent” markalı neftin bir barelinin qiyməti yanvarın 3-də təxminən 3 faiz qalxaraq, 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçmişdi. Həmçinin WTI və digər markalarda da artım müşahidə edilmişdi.
Dünən qiymətlərin yenindən ucuzlaşmasını isə bir çox beynəlxalq ekspertlər OPEC ölkələrinin hasilatın müəyyən olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin artması ilə əlaqələndirilər.
İqtisadiyyatı neftdən asılı olan ölkələr siyahısında olan Azərbaycan da qiymətlərin artmasında maraqlı sayılır. Bəs hasilatın azaldılması fonunda neftin ucuzlaşması və bu ucuzlaşmanın Azərbaycana təsiri nə ilə bağlıdır?

İlham Şaban: "Azərbaycan neftinin qiymətinin hasilatı azaltmağımızla heç bir əlaqəsi yoxdur”
İqtisadçı ekspert İlham Şaban bildirir ki, Azərbaycan neftinin qiymətinin ucuzlaşmasının hasilatı azaltmağımızla heç bir əlaqəsi yoxdur. "Çünki Azərbaycan neftinin həcmlərində hər hansı dəyişiklik edilməsi dünya neftinin qiymətlərinin bərqərar olmasına təsir etmir. Azərbaycanda bu gün hasil edilən neft həcmləri 825-830 min barrel səviyyəsindədir. Bunun dünya bazarına çıxarılan hissəsi təqribən 130-140 min barrel aşağı səviyyədədir. Yəni bu hissə daxili bazara yönəlir. Dünyada isə bir gün ərzində təxminən 95 milyon barrel neft hasil edilir. Yəni Azərbaycanın dünya bazarına çıxardığı neftin həcmi çox cüzi bir rəqəmdir. Ona görə də Azərbaycan neftinin həcminin dünya bazarına hər hansı təsirindən söhbət gedə bilməz” - deyə ekspert bildirir.
İlham Şaban əlavə edir ki, dünya birjalarında neftin qiymətinin müəyyən edilməsi qlobal bazardakı hadisələrlə əlaqədardardır. "Dünən neftin qiymətinin birdən-birə 3 faiz artması və bundan sonra da təxminən o qədər, daha dəqiq desək, 2.75 fazi enməsi Küveyt dövlət neft şirkəti rəhbərinin açıqlaması ilə bağlı idi. O elan etdi ki, Küveytin üzərinə düşən kvotanın, yəni gündəlik 130 min barrelin azaldılması artıq həyata keçirilməyə başlayıb. Təbii ki, bu, bazar üçün çox müsbət bir siqnal idi. Ona görə də qiymətlər birdən-birə 55 dollardan 58 dollaradək artmağa başladı. Ancaq bu, gündüz sessiyasında oldu, axşam sessiyasında isə əvvəlki qiymətinə olmasa da, 56 dollardan bir az yuxarı müəyyənləşdi. Bu isə bazar üçün normal hal sayılır” - deyə iqtisadçı bildirir.
Neftin gələcəyi üçün "qaranlıq” görünür
"Ötən il rekord sayda neft və qaz şirkəti ziyana işləyib və ya müflis olub. Bu barədə yeni hesabat hazırlamış ətraf mühitçilər Birləşmiş Krallığı aşağı karbohidrogenli iqtisadiyyata hazır olmağa çağırıblar”. Hesabatı BBC Azərbaycanca "The İndependent" qəzetinə istinadən yayıb. Hesabatda deyilir ki, neft-qaz sektorunda işlərini itirəcək insanlar "atılmışlar icmasına" çevrilə bilərlər.
Moore Stephens hesabdarlıq firmasının apardığı araşdırma ötən il 16 neft və qaz şirkətinin müflis olduğunu aşkar edib. Halbuki 2012-ci ildə belə neft və qaz şirkətləri yox idi. Neft qiymətləri bir barrel üçün 120 dollardan 50 dollara endikdən sonra bu sektordakı kiçik şirkətlər rəqabətə tab gətirə bilməyiblər, Moore Stephens bildirir.
Bu araşdırmanı aparmış Jeremy Willmont deyib ki, neft qiymətlərinin düşməsi bir çox Britaniya şirkətlərini böhran həddinə gətirib. Ekspert deyib ki, son 15 ildə İraqdan tutmuş Folklend adalarına qədər hər yerdə axtarış və hasilatla məşğul olan Britaniya neft və qaz şirkətlərinin sayı sürətlə artıb. "Əgər neft qiymətləri qalxmasa bu şirkətlərin bir çoxunu yaxın gələcəkdə müflislik gözləyir" - ekspert deyib.
Hesabatda deyilir ki, Şimal dənizində neft hasilatı ilə məşğul olan şirkətlər daha böyük çətinliklərlə üzləşirlər. Greenpeace UK təşkilatında çalışan professor Doug Parr xəbərdarlıq edib ki, mədən yanacağı sənayesinin yoxa çıxması "atılmış insanlardan ibarət böyük icmaların" yaranmasına gətirib çıxara bilər.
Doktor Parr deyib ki, mədən yanacağının gələcəyi olmadığı indidən məlumdur. Alimin fikrincə, hökumət indidən bu sektorda çalışanlar barədə qayğı haqqında düşünməlidir.
"Bərpa olunan enerjinin artımı neftin barreli 10 dollardan da ucuz edəcək”
Fransanın Engie enerji şirkətinin elmi-tədqiqat laboratoriyasının rəhbəri Thierry Lepercq bu yaxınlarda Bloombergə deyib ki, bərpa olunan enerjinin artımı on ildən də az müddətdə neftin bir barrelinin qiymətini 10 dollardan da ucuz edəcək. "Hətta neftə tələbat 2025-ci ilədək qalxmaqda davam etsə də, onun qiyməti bir barrel üçün 10 dollara düşə bilər" - alim deyib.
"The İndependent" yazır ki, dünyanın enerji istehsal edən ən iri özəl şirkəti Engie bərpa olunan enerjiyə investisiyalarını ildən-ilə artırır və eyni zamanda özünün kömür və mazutla işləyən istilik elektrik stansiyalarını satır. Şirkətin bu yaxınlarda apardığı araşdırma göstərib ki, əhalisi 5 milyon nəfər olan Provans-Alp-Kot-d Azur regionu 100 faiz bərpa olunan enerjidən istifadəyə keçməklə 2030-cu ilədək enerjiyə 30 faiz qənaət edə bilər.
Lakin Exeter Universitetindən professor Joseph Dutton deyib ki, "mədən yanacağı hələ bir müddət bizimlə olacaq". O deyib ki, əslində indi mədən yanacağı ilə bərpa olunan enerji arasında nəsillərin çarpışması gedir. Alimin fikrincə, xüsusilə də bərpa olunan enerji ilə işləyən nəqliyyat sahəsindəki irəliləyiş iqlim dəyişikliyinin qarşısının alınması üçün kafi vəziyyətdə deyil. Joseph Duttonun fikrincə, mədən yanacağı və kimyəvi maddələr gözlə görünən yaxın gələcəkdə yoxa çıxmayacaq. Qaldı müflisləşmiş xırda şirkətlərə, onların əksəriyyətinə iri şirkətlər sahibləniblər, cənab Dutton deyir.
Rəşad VAQİFOĞLU
.
