Yəmən parlamenti husilərin hərbi eskalasiyasına qarşı ümumi səfərbərliyin elan edilməsi ilə bağlı müraciəti təsdiqləyib.

"Al Hadath" xəbər verir ki, müraciəti Yəmənin Prezident Rəhbərlik Şurasının sədri, ali baş komandan Rəşad əl-Alimi göndərib.

Qərara əsasən, səfərbərlik vətəndaşların, respublika quruluşunun, konstitusiya qanuniliyinin, ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına yönəlib.

Qərar sentyabrın 28-də spiker Sultan əl-Bərkaninin sədrliyi ilə parlamentin videobağlantı vasitəsilə keçirilən geniştərkibli iclasında qəbul edilib.

Deputatlar ölkədə və regionda baş verən hadisələri müzakirə ediblər. Parlament yaranmış vəziyyəti "son dərəcə mürəkkəb" adlandıraraq, fikir ayrılıqlarını aradan qaldırmağın və səyləri birləşdirməyin zəruriliyini vurğulayıb.

Qərara əsasən, ümumi səfərbərlik Konstitusiyaya uyğun olaraq həyata keçiriləcək. O, elan edildiyi gündən qüvvəyə minəcək və bu tədbiri zəruri edən səbəblər aradan qaldırıldıqdan sonra başa çatacaq.

Daha əvvəl, sentyabrın 25-də əl-Alimi öz çıxışında ümumi səfərbərliyə çağırış edib. Sentyabrın 27-də isə bu addımın səbəblərini açıqlayaraq səfərbərliyin elan edilməsini təsdiqləmək xahişi ilə parlamentə təcili məktub göndərib.

.