Kənd Təsərrüfatı Nazirliyi Minatəmizləmə Agentliyi (ANAMA) və digər aidiyyəti qurumlarla birgə faydalı əməkdaşlıq qurub, sözügedən ərazilərdə fəaliyyət göstərən aqrar şirkətlərin işinin təşkilinə dəstək göstərməkdədir.
Bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, bugünkü tarixə ANAMA tərəfindən ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənib, bundan 27 783 hektar sahənin isə təmizlik sertifikatları və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub:
“Məhz bu əməkdaşlığın nəticəsində təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-2021-ci təsərrüfat ilində 10 min ha, 2021-2022-ci təsərrüfat ilində 50 min ha, 2022-2023-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu isə potensial ərazilərin cəmi 60 %-ni təşkil edir. Göründüyü kimi 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib”.
Nazir deyib ki, azad olunmuş ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, hadisələr qaçılmaz olur.
O bildirib ki, ANAMA-nın məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb:
“Eyni zamanda, işğalçılar uzun illər ərzində kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirib və münbitliyinə ciddi ziyan vurub. Həmin ərazilərin torpaq resurslarının monitorinqi zamanı müəyyən edilib ki, uzunluğu 2000 km, sahəsi isə təxminən 4 200 hektar olan səngərlər və istehkamlar qurulub və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır”.
.