ABŞ-ın Suriya ərazisində "İslam Dövləti” qruplaşmasının mövqelərinə hava zərbələri endirməsi indiyədək heç kimin adını eşitmədiyi yeni terrorçu qruplaşmanı da ortaya çıxarıb.
Yenizaman.az xəbər verir ki, "Assoşieyted press” agentliyi bu hava zərbələri barədə yaydığı informasiyada Amerika aviasiyasının və "Tomoqavk” raketlərinin hədəfinin "İslam Dövləti” ilə yanaşı "əl-Qaidə”yə bağlı "Xorasan” qruplaşması da olduğunu qeyd edib.
Bəs hazırda ABŞ-a və dünyaya əsas təhdidin "İslam Dövləti”, yaxud İŞİD hesab olunduğu bir vaxtda "Xorasan” haradan ortaya çıxıb?
BuzzFeed saytı yazır ki, Amerika cəmiyyəti bu bombardmanlara qədər "Xorasan” haqda heç nə bilmirdi və eşitməmişdi.
"Doğrudur, mənbələr deyir ki, ABŞ administrasiyası və Konqres artıq neçə vaxtdır bu qruplaşma ilə məşğul olurdu” - deyə sayt yazır.
ABŞ bildirir ki, "Xorasan” "əl-Qaidə” ilə bağlı olan və birbaşa Birləşmiş Ştatlar ərazisində təhdid yaradan terrorçu təşkilatdır. Bəzi məlumatlara görə, qruplaşmaya Mühsin əl-Fədhli adlı biri başçılıq edir. Onun haqqında çox az məlumat var.
Bəzi ekspertlər deyirlər ki, "Xorasan” Suriyada döyüşən "əl-Qaidə”çilərin yeni adıdır. ABŞ rəsmi şəxsləri isə bu qruplaşmanın "Cəbaat əl-Nusra” briqadasına daxil olduğunu, Suriya ərazisində fəaliyyət göstərdiyini, həm Əsəd qüvvələrinə, həm İŞİD-ə qarşı döyüşdüklərini bildirir.
Məlumatlı mənbələrdən biri deyib ki, ABŞ rəsmi şəxsləri artıq bir neçə aydır "Xorasan” haqda bilirdi. Konqresin Nümayəndələr Palatasının üzvü Piter Kinq deyib ki, konqresmenlər də bir neçə aydır bu haqda məlumatlı olub.
P.Kinq "Xorasan” adının mətbuata sızmasından təəcüblənib: "Belə hesab olunurdu ki, bu, olduqca məxfi informasiyadır. Ancaq ötən həftə o, "Assoşieyted press”in materiallarında yer aldı”.
ABŞ-ın antiterror strukturlarında hesab edirlər ki, "əl-Qaidə”nin 10-20 yüksək rütbəli şəxsi Pakistanın Vəziristan əyalətindən Suriyaya gediblər və orada "əl-Qaidə”nin yeni filialını yaradıblar. Bu qruplaşma Qərbə qarşı döyüşmək üçün təlim keçib.
Terrorla mübarizə üzrə ekspert Aaron Zelin isə deyir ki, əslində "Xorasan”la "Cəbaat əl-Nusra” arasında heç bir fərq yoxdur. Onların hər ikisi Ayman əs-Zəvahiriyə tabedir.
"Onlar Əfqanıstanda və Pakistanda, yaxud Suriyada və İranda yerləşiblər ki, "Cəbaat əl-Nusra”nın xarici əməliyyatlar potensialını saxlasınlar. Əsas hədəfləri Qərbdir” - deyə ekspert bildirib.
.