Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makron böhtanla bağlı amerikalı podkast aparıcısı Kendis Ouensə qarşı yeni iddia qaldırıblar.
"Reuters" verdiyi məlumata görə, bu barədə K.Ouens "X" sosial şəbəkəsində bildirib.
Fransa Prezidentinin dəftərxanasının nümayəndəsi də yeni iddianın qaldırıldığını təsdiqləyib.
Makron cütlüyü ilk iddianı 2025-ci ilin iyulunda Delaver ştatının məhkəməsinə K.Ouens və onunla əlaqəli iki şirkətə qarşı verib. Onlar podkastçını "yalanla dolu qlobal alçaltma kampaniyası" aparmaqda günahlandırıblar. Digər məsələlərlə yanaşı, Ouensin Fransanın birinci xanımının "kişi olaraq doğulduğu" barədə iddiasından da bəhs edilirdi.
Yeni iddia K.Ouensin Bricit Makronu təsvir edən gəlincikdən istifadə etməsi ilə əlaqədardır. Məhkəmə sənədindən çıxarışlara əsasən, Makron cütlüyü gəlinciyi "gülünc" adlandırıb və Ouensin ondan Fransanın birinci xanımının xarici görünüşünü ələ salmaq üçün istifadə etdiyini bildirib.
Oktyabrın sonlarında Delaverdəki hakim qərara alıb ki, məhkəmənin Tennessi ştatında yaşayan K.Ouens üzərində yurisdiksiyası yoxdur. Bununla belə, Makron cütlüyü onun özünü şəxsən deyil, onunla əlaqəli olan şirkətləri məhkəməyə vermək imkanını qoruyub saxlayıb.
.
