
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan hakimiyyətini REAL Hərəkatının lideri İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb. "Media forum” saytı xəbər verir ki, Torbyorn Yaqland bu çağırışında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edib.
Yaqland bildirib: "Bu gün Avropa Məhkəməsi Azərbaycan hökumətinin İlqar Məmmədovla bağlı işə yenidən baxılması barədə müraciətini rədd edib. Ona görə də mən hakimiyyəti məhkəmənin qərarını çevik yerinə yetirməyə və İlqar Məmmədovu azadlığa buraxmağa çağırıram”.
İlqar Məmmədov 2013-cu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan mərhum edilib.
2014-cü ilin may ayında Avropa Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 20 min avro, vəkil xidmətinə görə isə 2 min avro, ümumilikdə 22 min avro təzminat ödəməlidir.
Avqust ayında Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Oktyabrın 13-də 5 hakimdən ibarət kollegiya müraciətə baxaraq onu Böyük Palatanın baxışına verməkdən imtina edib və beləliklə, may ayında çıxarılan qərar qəti qüvvəyə minib.
Torbyorn Yaqland Azərbaycan hakimiyyətinə çağırışını qərar qəti qüvvəyə minəndən dərhal sonra – oktyabrın 13-də edib.
.