Noyabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnirin final mərhələsi keçirilib.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdirinin müavini Zəkiyyə Musayeva turnir barədə hesabat təqdim edərək bildirib ki, oktyabrın 30-da start götürən turnirdə sərbəst güləş üzrə 65, 70, 74, Yunan-Roma güləşi üzrə isə 67, 72 və 77 kq çəki dərəcələrində ümumilikdə 312 gənc mübarizə aparıb. Yarışların qrup mərhələsi Bakı, Abşeron, Ağcabədi, Göygöl, Qəbələ, Astara və Kürdəmirdə keçirilib, final yarışları isə Bakı şəhərində təşkil olunub.

Tədbirdə sərbəst güləş üzrə I, II, III yerlərin qalibləri - 65 kq çəki dərəcəsində Rəşid Babazadə (Abşeron), Toğrul Kamallı (Qax), Elşən Babayev (Kəlbəcər), 70 kq çəki dərəcəsində Omar Gülməmmədov (Nərimanov), Nicat Əliyev (Qazax), Mircavad Nəbiyev (Xətai), 74 kq çəki dərəcəsində Mürşid Hüseynov (Füzuli), Rəvan Əliyarov (Qəbələ), Əli Əliyev (Astara), Yunan-Roma güləşi üzrə isə 67 kq çəki dərəcəsində Rəsul Xəlilov (Balakən), Mirsirac Həsənli (Hacıqabul), Şamil Sultanəliyev (Səbail), 72 kq çəki dərəcəsində  Ağaseyid Əlizadə (Abşeron), Ceyhun İsmayılov (Binəqədi), Nihad Qocayev (Qax) və 77 kq çəki dərəcəsində Aqil Musayev (Binəqədi), Tural Bayramov (Sumqayıt), Həsən Əliyev (Mingəçevir) müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə təltif olunublar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən oyunları idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.

Sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində qalibləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, 70 kq çəki dərəcəsində qalibləri YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, 74 kq çəki dərəcəsində isə qalibləri YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.

Yunan-Roma güləşi üzrə 67 kq çəki dərəcəsində qalibləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, 72 kq çəki dərəcəsində qalibləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, 77 kq çəki dərəcəsində isə qalibləri YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.

Turnirin bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, turnirin final mərhələsi Azərbaycan xalqının həyatında əlamətdar tarixə - Dövlət Bayrağı Gününə təsadüf edir. Eyni zamanda, xalqımızın Zəfər bayramını qeyd etdiyini xatırladan Tahir Budaqov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması son 200 illik tariximizin zirvə hadisəsidir. YAP Sədrinin müavini əlavə edib ki, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi təkcə ölkəmizin ərazi bütövlüyünün deyil, eyni zamanda, xalqımızın milli qürurunun bərpasıdır.

Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda yetişdiyini diqqətə çatdıran Tahir Budaqov turnirdə iştirak edən gəncləri təbrik edərək onlara həyat və fəaliyyətlərində uğurlar diləyib. YAP Sədrinin müavini, eyni zamanda, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.   

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

.