Azərbaycan regional əməkdaşlığın siyasi iddialardan praktiki şəkildə reallaşdırmaya necə keçə biləcəyinə dair konkret nümunə göstərir.
Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə bildirib.
Onun sözlərinə görə, enerji bağlantısına dair məsələlər nəqliyyat dəhlizlərinin inkişafı ilə sıx bağlıdır: "Əgər energetikadan danışırıqsa, Azərbaycanın nümunəsi məni çox ruhlandırır. Hesab edirəm ki, Azərbaycan regional əməkdaşlığın siyasi ambisiyalardan praktiki icraya necə keçə biləcəyinə dair konkret nümunə nümayiş etdirir".
D.Şlapaçenko vurğulayıb ki, mövcud geosiyasi fikir ayrılıqları enerjinin bölüşdürülməsi və tədarükünə, həmçinin bu sahə ilə əməkdaşlıqdan iqtisadi fayda əldə etmək imkanlarına təsir göstərir.
O, bu mənada Azərbaycan və Gürcüstanı Qara dəniz vasitəsilə, Rumıniyadan keçməklə Avropanın elektrik enerjisi bazarları ilə birləşdirməli olacaq sualtı enerji kabeli layihəsini qeyd edib: "Bu layihə ölkələrin necə qeyri-standart düşünə və qarşılıqlı faydalı layihələr yarada biləcəyinin konkret nümunəsidir".
Rezident-əlaqələndiricisi xatırladıb ki, layihənin texniki-iqtisadi əsaslandırması 2024-cü ildə başa çatıb: "Daha sonra təşəbbüsü təşviq etmək üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə birgə müəssisə yaradılıb. Mövcud geosiyasi fikir ayrılıqlarından asılı olmayaraq, bu, bütün iştirakçılarına fayda gətirə biləcək təşəbbüsdür".
.
