İordaniya Hərbi-Hava Qüvvələrinin 26 yaşlı leytenantı, F-16 qırıcı-bombardmançı təyyarəsinin pilotu Müəz əl Qəsasbinin dünən dəfn mərasimi keçirilib.
İŞİD terror təşkilatının Suriyanın Rəqqa şəhərində yandırdığını iddia etdiyi, əslində isə Huda şəhərində qəfəsə salınaraq diri-diri yandırılan pilotun külə dönmüş cəsədi İordaniyaya verilməyib.
 Buna rəğmən ölkə kralı 2-ci Abdullanın əmri ilə matəm və dəfn mərasimi olub.
 Dəfndən bir gün əvvəl hospitalda Müəzin anası infraktdan keçinib. Oğlunun yandırıldığı anların videosuna baxanda ananın ürəyi yatıb.
 26 yaşlı mərhum pilotun xanımı Ənvara Təravnə ərinin yandırıldığı videoya baxa bilməyib. O, Müəzin yandırıldığı barədə xəbərləri Facebook-dan oxuduğunu deyir.
 "Müəzin girovluqdan azad ediləcəyi deyilirdi. Bununla bağlı xəbərləri oxuyanda bir məlumat gördüm. "Allah sənə rəhmət eləsin, Müəz" yazılmışdı. Dərhal qaynanama zəng vurdum, Müəzin öldürüldüyünü ona ağlayaraq söylədim", - Ənvara deyib.
 Müəz Qəsasbinin doğulduğu Kərak şəhərindəki dəfn mərasiminə İordaniya kralı 2-ci Abdulla və onun xanımı, kraliça Raniyə də qatılıblar.
Kraliçanı görəndə Ənvara özünü saxlaya bilməyərək ülyahəzrət Raniyəyə sarılaraq hönkürüb.
 Müəz əl Qəsasbi xanımı Ənvara ilə evlənəndən cəmi 5 ay sonra Suriyanın Rəqqa şəhərində təyyarəsi vurulmuş, İŞİD-in əlinə keçmişdi.
Kraliça ilə ağlayaraq danışan Ənvara əl Qəsasbi deyib: "Müəz həmin gün sanki nə isə hiss etmişdi. O, "Ümid edirəm ki, hava duman olacaq, uçuşları ləğv edəcəklər" söyləyirdi. Sanki əsir düşəcəyi ürəyinə dammışdı".
 Müəz əl Qəsasbinin F-16 qırıcı-bombardmançı təyyarəsi Suriyanın Rəqqa şəhərinin səmasında ötən il dekabrın 24-də vurulmuşdu.
Pilotun doğma Kərak şəhərindəki dəfn mərasimində Müəzin atası Səifi bağrına basan İordaniya kralı ona deyib: "Oğlunun qisasının tamamən, bütünlüklə alınacağını sənə söz verirəm. Bil ki, İŞİD-lə mübarizəmiz sərt olacaq, o vəhşilərə öldürücü zərbələr vuracağıq".
 Mərhum pilotun atası isə söyləyib: "Siz müdrik hökmdarsınız. Onlar, o İŞİD itləri islam qaydalarını, savaş qanunlarını pozublar. Onlar insan deyillər. Bəşəriyyət onlardan imtina edir".
 İordaniya krallığının Hərbi-Hava Qüvvələrinin qırıcı-bombardmançı təyyarələri dünən Suriyada İŞİD-in mövqelərinə intensiv raket-bomba zərbələri endirməyə başlayıblar.
 Əməliyyatlara onlarla hərbi təyyarə cəlb olunub.
 Bu gün səhər saatlarından etibarən isə İordaniyanın Kral Hərbi-Hava Qüvvələrinin təyyarələri İŞİD-in İraqdakı mövqelərini vurmağa başlayıblar. (milli.az)




.