Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə burada şairin büstünün də quraşdırılması planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi açıqlama yayıb.

Məlumata görə, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Səfirlik bildirib ki, növbəti mərhələdə mərasim zalında Çarentsin büstü də qoyulacaq.

İranın təxribat xarakterli təşəbbüsdə iştirakı Azərbaycanın tarixi-mədəni irsinə münasibət məsələsini yenidən gündəmə gətirib.

Qeyd edək ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti zamanı inşa edilib. Tikintisinə 1760-cı ildə başlanılan və 1765-ci ildə tamamlanan məscid Azərbaycan memarlıq irsinin mühüm nümunələrindən biri hesab olunur. Abidə İrəvanın müsəlman icmasının dini, mədəni və ictimai həyatında mühüm rol oynayıb.

Məscidin tarixi Azərbaycan irsi ilə bağlı olduğu halda, İranın onun mərasim zalına erməni şairinin adının verilməsində və büstünün yerləşdirilməsində iştirakı diqqət çəkir. İran səfirliyi təşəbbüsü Çarentsin ədəbi irsinə, onun İran mədəniyyətinə marağına və məscidin qorunmasındakı roluna ehtiram kimi təqdim edib.

Göy məscidin XVIII əsrdə Hüseynəli xan tərəfindən tikilməsi həm İrəvanın rəsmi turizm mənbəsində, həm də elmi araşdırmalarda təsdiqlənir. İran səfirliyinin açıqlamasında isə məscid İran və Ermənistanın ortaq irsi kimi təqdim olunur.

.