Sabunçu dəmiryol vağzalı hər yağış yağanda öz ilkin təyinatını itirib... dəniz vağzalına çevrilir. Burada əməlli-başlı üzmək olar.
Dünəndən etibarən Bakıda yağan aramsız yağışlar Sabunçu dəmiryol vağzalını hər dəfə olduğu kimi bu dəfə də sel-su altında qoyub.
Virtualaz.org saytı xəbər verir ki, həmişə vağzalın qarşısında duran avtobuslar da artıq işləmir, çünki onların dayanmağa yeri yoxdur. Kim dizə-qurşağa çıxan suyun içindən keçib avtobusa minəcək?! Bu üzdən yollarda hərəkət iflic olub. Şəxsi avtomobillərini axşamdan vağzala yaxın ərazidə park edən sakinlər səhər maşınlarını suyun içində görüblər. Bəzi maşınlar sular altında qalıb. Ətrafdakı kafe və mağazaları, digər obyektləri su basıb.
Xatırladaq ki, vağzalın ərazisi 2011-ci ildə prezident İlham Əliyevin Sabunçu rayonuna səfəri zamanı təmir edilib. Kanalizasiya sistemi təmir olunmaya-olunmaya ərazi sadəcə asfalt üzlüklə bəzədilib. Hər dəfə yağış yağanda gölə dönən Sabunçu vağzalının kanalizasiya sisteminin bərbad vəziyyətdə olması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət edilsə də heç bir nəticəsi yoxdur.
.