Ukrayna-Rusiya müharibəsi Azərbaycan və Türkiyənin rolunu bir daha xatırladıb.

APA xəbər verir ki, bunu Türkiyə Respublikası XİN-in Diplomatik Akademiyasının sədri Məsud Özcan “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransın açılışında deyib.

Özcan Türkiyənin Ukraynaya humanitar dəstəyinin Qərbdə təqdir edildiyini əlavə edib: “Müharibədən əvvəl və müharibə dönəmində Türkiyənin Ukrayna ilə əməkdaşlığı vardı və bu əməkdaşlığı davam etdirib. Türkiyə Ukraynaya humanitar dəstəyi davam etdirməklə yanaşı, münaqişənin həllinin tapılması üçün səylər göstərməyə davam edib. Bu səylər Qərbdə təqdir edildi və ona diqqət verilib. Azərbaycanın da Ukraynaya ilk günlərdən verdiyi humanitar yardım təqdir olundu. Azərbaycanın bu iki ölkə - Ukrayna və Rusiya ilə ortaq keçmişi var, Türkiyənin də bu iki ölkə ilə genişmiqyaslı əlaqələri var”.

Məsud Özcan baş verənlərdən sonra Azərbaycan və Türkiyənin rolunun vacibliyinin daha yaxşı başa düşülməyə başlandığını əlavə edib.

O, münaqişənin fəsadlarının dünyaya və Türkiyə mənfi təsirləri barədə də danışıb: “Ukraynada davam edən müharibənin qlobal nəticələri var, ərzaq çatışmazlığı riskləri, enerji qiymətlərinin artması bütün bunlar Türkiyəyə də təsir edir. Türkiyə bir tərəfdən öz maraqlarını müdafiə etməklə yanaşı, digər tərəfdən qlobal nəticələri olan bu münaqişənin həlli istiqamətində səylərini davam etdirir”.

.