2021-ci ildə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının dövlət mənafeyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi məqsədilə apardığı çevik və praqmatik xarici siyasət fəaliyyətini davam etdirəcək.

Bu, 2020-ci ilin yekunlarına dair XİN-in Mətbuat buraxılışında öz əksini tapıb.

“Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsi, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi, habelə enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin uğurla həyata keçirilməsinin təmin edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi və nüfuzunun daha da artırılmasına yönələcəkdir. Xarici siyasət fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı “bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması əsas prinsiplərimizdən biridir” fikri əsasında həyata keçiriləcək”, - deyə qeyd olunub.

Ermənistanın Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsinə dair hesabat beynəlxalq təşkilatlara təqdim edilib

“Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam etmiş 44 günlük müharibə ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsi erməni işğalından azad olunub. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur edib və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilib”.

Bu, 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat buraxılışında öz əksini tapıb.

Bildirilib ki, bölgədə yeni reallıq yaratmış və çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək 10 noyabr razılaşmasının zamini qismində Rusiya Federasiyası və Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək olar.

“Sentyabr-noyabr aylarında davam etmiş hərbi döyüşlər zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə Xarici İşlər Nazirliyi tərəfindən müfəssəl hesabat hazırlanaraq BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib.

Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyinin göstərilməsinin qarşısının alınması istiqamətində “xeyriyyə təşkilatları” adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlanaraq BMT üzv dövlətlərində maliyyə monitorinqini həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib və fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlərin görülməsi tələb edilib.

Həmçinin bu dövr ərzində, Azərbaycana qarşı yeni hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki şəxslərin məqsədyönlü hədəfə alınması, öldürülməsi, ictimai və şəxsi mülkiyyətin, mülki infrastrukturların hədəf alınması və bu əməllərin hüquqi qiymətləndirilməsi barədə mütəmadi hesabatlar hazırlanaraq BMT başda olmaqla, bütün aidiyyəti beynəlxalq təşkilatlara, habelə dövlətlərin Xarici İşlər Nazirliklərinə təqdim edilib”, - deyə vurğulanıb.

XİN: Vətən Müharibəsində yüksək mənəvi yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır

“Hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına dəstək nümayiş etdirərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycanla həmrəyliyini ifadə edən mövqedən çıxış edib”.

Bu, 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat buraxılışında öz əksini tapıb.

Bildirilib ki, 44 gün ərzində aparılmış Vətən Müharibəsində Azərbaycanın haqq mövqeyini hər zaman dəstəkləyən və yüksək mənəvi yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır: “Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin sarsılmaz olduğu növbəti dəfə özünü bariz şəkildə büruzə verib. Azərbaycanın ağır günlərində onun haqlı mövqeyinə izhar olunan birmənalı beynəlxalq dəstək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şəffaf, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilən uğurlu xarici siyasət fəaliyyətin nəticəsi olub”.

Pandemiya ilə əlaqədar 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə təxliyəsi həyata keçirilib

COVID-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15 000-dən çox Azərbaycan Respublikası vətəndaşının təxliyəsi həyata keçirilib.

Bu, 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat buraxılışında öz əksini tapıb.

“Cari ildə Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) vasitəsilə bir sıra ölkələrdə təxliyə üçün müraciət edənlərin sırasında ciddi maddi sıxıntı ilə üzləşən azərbaycanlı tələbələrə mailiyə dəstəyi göstərilib, həmçinin 20 ölkədə yaşayan 600 nəfərdən çox son dərəcə çətin vəziyyətdə olan tələbələrin hər birinə birdəfəlik maliyyə müavinəti təqdim edilib”, - deyə qeyd olunub.

.