Azərbaycan sülh gündəliyinə sadiqdir.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

“Biz sülh gündəliyinə sadiqik. Bilirsiniz ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu ayın əvvəlində Cenevrə şəhərində sülh müqaviləsi ilə bağlı ilk görüş baş tutdu. Həmin görüşdə Azərbaycan tərəfi gələcək sülh müqaviləsinin əsas elementlərini qarşı tərəfə bildirib.

Biz hazırda Ermənistandan həmin əsas elementlərə dair ilkin rəy və cavab gözləyirik”,- deyə Elnur Məmmədov bildirib.

Xarici işlər nazirinin müavininin sözlərinə görə, həmin cavab əsasında növbəti görüşlərin keçirilməsi müzakirə olunacaq.

XİN Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib

Gələn ay Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
“Noyabr ayının ilk günlərində Brüssel şəhərində delimitasiya üzrə komissiyaların iclası keçiriləcək. Həmin iclasdan sonra delimitasiya komissiyasının katibliyi tərəfindən ictimaiyyətə açıqlama veriləcək”,- deyə Elnur Məmmədov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Miqer Qriqoryanın ofisi belə bir görüşün keçiriləcəyi barədə məlumat yayıb.

.