Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin "2020-ci ilin Beynəlxalq Dini Azadlıq Hesabatı"nın Türkiyəyə aid olan hissəsində yazılanlara mövqe bildirib.

Türkiyə XİN verdiyi məlumata görə, nazirliyin sözçüsü Tanju Bilgiç bildirib ki, hesabatın Türkiyəyə aid olan hissəsinə qeyri-obyektiv yanaşma var.

"Türkiyə həmişə fərqli dini inanclara sahib fərdlərin sülh və rifah içərisində yaşadığı cəmiyyətə malik olub"deyən Tanju Bilgiç ölkəsinin heç bir ayrı-seçkilik etmədən bütün vətəndaşlarının din və ibadət azadlığını daha da inkişaf etdirmək üçün əməli addımlar atdığını vurğulayıb.

"Necə ki, bu il martın 21-də ictimaiyyətlə paylaşılan "İnsan Hüquqları Fəaliyyət Planı"nda, din və vicdan azadlığının qorunması ilə dini icma nümayəndələrinin və vəqflərinin fəaliyyətlərinin təmin edilməsinə yönəlmiş məqsəd və fəaliyyətlərə daha çox yer verilib. Ölkəmiz bütün vətəndaşlarının din və ibadət azadlığını qorumaq üçün bütöv iradə nümayiş etdirir və bundan sonra da eyni əzmlə davam edəcək", - deyə Türkiyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken ABŞ Dövlət Departamentinin "2020-ci ilin Beynəlxalq Dini Azadlıq Hesabatı"na dair məruzə edərkən dünyanın müxtəlif yerlərində islam, xristianlıq və yəhudiliyə qarşı düşmənçiliyin artdığını söyləyib. E. Blinken hesabatda Türkiyənin etnik azlıqlara məxsus məktəblərə lazımi dəstək verilmədiyinin əks olunduğunu da deyib.

.