Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs olunanların məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Vitrualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını edib.
İttihama görə, hadisə ötən il dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib.
Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Həbs olunanların arasında xəvariclərin əmiri, "Mamed” ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, "Hamza” ləqəbli Elşən Musayev də var.
Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd "F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.
Təqsirləndirilən şəxslərin heç biri bugünkü məhkəmədə onlara elan olunmuş ittihamla özlərini təqsirli bilmədilər.
İlk olaraq təqsirləndirilən şəxs qismində xəvariclərin lideri olduğu iddia edilən Elçin Əkbərov sərbəst ifadə verdi. O, heç bir dini qruplaşmanın lideri olmadığını, ittihamların şər-böhtan olduğunu dedi: "Heç bir dəstənin başçısı deyiləm. Məqsədim iki inanclı insanı barışdırmaq olub. Bu məsələni sülh yolu ilə yoluna qoymağa çalışmışıq. Mən ümumiyyətlə heç hadisə yerində olmamışam. Bir adama nə xəsarət yetirmişəm, nə də mənə xəsarət yetiriblər.
Zaur Paşayev zəng vurub Elşən Musayevi (sələfilərin liderini nəzərdə tutur-red.) çağırdı. O da çayxanaya gəlməyi təklif etdi. Çayxanada adam çox olduğundan onlara ora getməməyi məsləhət gördüm. Çünki adam çox olan yerdə danışıq aparmaq mümkün deyildi. Zaurgil getdilər.
Onlardan bir qədər sonra mən çayxanaya tərəf gedəndə atışma səsləri eşidildi. Atəş səsi eşidən kimi hərə bir tərəfə qaçdı. Nə baş verdiyini bilmədim. Kimin kimi vurmasından xəbərim yoxdur. Bircə Anarı gördüm. Dedi ki, məni bıçaqlayıblar. Oradan dostum Şamxalgilə getdim. Mənə xəbər gəldi ki, polislər anamgilə gediblər, anamı, qardaşlarımı təhqir ediblər. Sonradan kirayə yaşadığım ünvanı öyrənib ora gediblər. Kirayə qaldığım evdən aşkar olunduğu deyilən qumbaranın mənə heç bir aidiyyəti yoxdur. Guya döşəyin altından qumbara tapıblar. Əgər evimdə silah olsaydı, ailə üzvlərimə deyərdim ki, tullayın, ya da gizlədin. Polislər silahı özləri necə qoyurblarsa, eləcə də götürüblər. O qumbaraı ora özləri qoyublar.
Bunların hamısı şər-böhtandır. Mənim 5 uşağım var. Silah axı bizim nəyimizə gərəkdir? Axı silahla bağlı ittihamı mənə nəyə görə veriblər? 10 aydır bu sualı prokurora verirəm. Mənə deyir ki, "zakaz”dır, məhkəmədə araşdırılacaq. O silahı ora qoyanların Allah belini sındırsın”.
Təqsirləndirilən şəxs ifadəsində istintaq zamanı ona işgəncə verildiyini, təzyiq altında ifadələrə qol çəkdirdiklərini dedi:"Məni iki gün dayanmadan döydülər. Heç erməniyə bu cür işgəncə verməzdilər ki, mənə verdilər. Biləsuvarda tutub "bandotdel”ə apardılar. Özləri yazdıqlarına qol çəkməyə məcbur etdilər. Kürdəxanıya aparılanda bütün bədənim qapqara idi, işgəncə izləri açıq-aydın görünürdü.
Əhmədə (Əhməd Salmanovu nəzərdə tutur-red.) narkotiklə bağlı ittiham veriblər. Əhməd heç siqaret çəkən də deyil. Narkotik alveri haradan çıxdı? Narkotik satan olsaydı, ev-eşiyi, maşını, şəraiti olardı”.
Məhkəmə prosesi oktyabrın 21-də daavm etdiriləcək.
.