Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 17 saylı yataqxananın vəziyyəti barədə mətbuatda bir neçə dəfə məlumat gedib. Lakin yataqxana sakinlərinin Lent.az-a verdiyi məlumata görə, onların problemləri hələ də həll edilməmiş qalır. Qeyd edək ki, adıçəkilən yataqxanada Füzuli, Cəbrayıl və Ağdamdan olan məcburi köçkünlər məskunlaşıb.

1949-cu ildə tikilən bu buna bir zamanlar "Balaxanı Neft”in balansında olsa da, 2012-ci ildən bəri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Sakinlərin sözlərinə görə, bina "Balaxanı Neft”in balansında olduğu müddətdə ən azından gəlib kommunikasiya xətlərini yoxlayırlarmış. Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçəndən bəri isə sakinlərin dəfələrlə rəsmi müraciət etmələrinə baxmayaraq, bir dəfə də olsun, diqqət göstərilməyib. Yataqxanada yaşayanlar ötən il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınsa da, komitənin balansında boş ev olmadığından köçürülmə olmayıb.

 

İki mərtəbədən ibarət yataqxanada 32 ailə yaşayır. Binanın birinci mərtəbəsi tamam yararsız vəziyyətdədir. Tavanı uçur, döşəməsi çökür. Sanitariya qovşağı haqda danışmağa dəyməz. "Kaska”sız ayaqyoluna getmirlər. Beton tavan hər an başlarına uça bilər. Bir neçə ay əvvəl binanın birinci mərtəbəsindəki mətbəxin beton tavanının bir hissəsi uçub. Qəza baş verən zaman mətbəxdə oynayan 4 yaşlı Məhəmməd Vəliyev çökmüş beton piltələrin altında qalsa da, bəxti gətirib ki, sadəcə başından xəsarət alıb. Yataqxanada yaşayan 30-a yaxın digər uşaqlar növbəti belə uçqunda Məhəmməd qədər şanslı olmaya bilər. Bu haqda sakinlər dəfələrlə aidiyyəti qurumlara rəsmi müraciət etsələr də, onların müraciətinə cavab verən yoxdur.

 

Binanın divarlarını kif basıb. Qaranlıq dəhlizdə yeridikcə, kəskin kif qoxusu adamı boğur. 100-ə yaxın insanın iç-içə yaşadığı bu yataqxanada elə otaqlar var ki, illərlə günəş şüası düşmür.

 

Yataqxanada dəfələrlə yanğın baş verib. Çünki buradakı elektrik xətləri nizamsız və xaotik şəkildə quraşdırılıb. Xoşbəxtlikdən yanğınlar böyümədən sakinlər tərəfindən söndürülüb.

 

68 yaşlı Göyçək Əliyeva Cəbrayıl rayonundan məcburi köçkündür. 1993-cü ildə Cəbrayıl işğal olunduqdan sonra Bakıya köçüblər. Şəhid ailəsidir. Oğlu Elmar Əliyevi Ağdam uğrunda gedən döyüşlərdə itirib. Kiçik oğlu Arifin ailəsi ilə birgə 13 ildir sözügedən yataqxanada yaşayır. Əgər buna yaşamaq demək olarsa...

 

Arif Əliyev kiçik ticarətlə məşğuldu. 6 nəfərlik ailə tək onun əlinə baxır. Hə, bir də Göyçək nənənin təqaüdü və Aminin 50 manat sosial müavinəti var. Arifin 3 övladı var. Amin onlardan ən kiçiyidir. Yataq xəstəsidir. Anası Nurlanənin sözlərinə görə, bir yaşına qədər hər şey qaydasında olub. Elə ki, Amin yeriməyə başlayıb, yataqxanadakı antisanitariyadan ensefalit virusuna yoluxub. Bundan sonra uşaq günü-gündən geri gedib.

 

**

 

TİBBİ ARAYIŞ: Ensefalit — baş beyinin iltihabı ilə xarakterizə olunan xəstəlik qrupudur. Xəstəliyin inkişafında virus infeksiyaları əsas səbəb sayılır. Birincili ensefalitlər zamanı virus və ya başqa infeksion agent birbaşa beyin toxumasın zədələyir. İkincili ensefalitlər hər hansı başqa yerdə olan infeksiyaya qarşı patoloji immun reaksiyası nəticəsində yaranır. İnfeksiyaya səbəb olan hüceyrələrə hücum əvəzinə, immun sistem səhvən beyninin sağlam hüceyrələrini zədələyir.


 

**

Dünən 4 yaşını tamamlayan Amin 3 ildir, nə danışa, nə də hərəkət edə bilir. Yaşıdları həyətdə oyun oynayarkən o, bütün günü divanda yatır. Anası deyir, 3 ildə göstərmədikləri həkim qalmayıb.

 

- Bir yaşı təzə olmuşdu, qəfil qızdırdı, ardınca da qıc oldu. Həkimə apardıq, dedi, artıq gecdi, beyninə virus düşüb. Əslində, bu xəstəliyin müalicəsi var. Əgər müalicə ardıcıl aparılarsa, ən azından yeriyə bilər. Həkim Ehtiram Alişanovun yazdığı müalicəni iki ay etdirə bildik, üçüncü ay əməliyyat olunmalı idi. Pul olmadı, yarımçıq qaldı.

 

Əməliyyat üçün 1500 manat pul lazım olub. Ailənin isə maddi imkanı olmadığından Aminin müalicəsi hər dəfə yarıda qalır. Yarıda qaldıqca da vəziyyəti ildən-ilə ağırlaşır.

Bu azmış kimi Aminin bronxları da xəstədi. Nəfəs aldıqca xışıltı səsi otağı bürüyürdü. Burada demək olar hər 3 uşaqdan ikisinin bronxları xəstədir.


 

- Bu uşaqlara içirmədiyim bronx dərmanı qalmayıb. Sağalmırlar. Nə qədər müalicə etdirsək də, şərait dəyişmədikcə düzələsi deyil. İki gündən bir xəstələnirlər. Həkimə aparıram, deyir, təmiz hava lazımdır. Bu şəraitdə təmiz havanı hardan alım? Hələ siz qışda gəlmisiniz, yayda üfunət iyindən içəri girmək istəməzsiniz. Kanalizasiyalar tutulur, bütün həyət gölə dönür, üstü yamyaşıl kif bağlayır. İyindən nə qapı açmaq olur, nə pəncərə. Uşaq hardan təmiz hava alsın?

 

Yataqxananın sakinlərindən Muradxan İsmayılovun uşaqları da eyni xəstəlikdən əziyyət çəkir.

 

- İki övladım var: Zəhra və Vüqar. İkisi də astma-bronxitdi. Özüm də işləmirəm. Yoldaşım tibb bacısıdı, xəstəliklə bağlı uşaqlara dövlət sosial müavinət verir. Bir də çörək pulu. Onunla dolanırıq. İmkanım yoxdu kirayədə qalmağa. Ümidimiz hökumətədir ki, bizi köçürə. Köçmədikcə də uşaqlarımın vəziyyəti daha da ağırlaşır.

 

Bayaqdan atasının ayağını qucaqlayan 6 yaşlı Zəhranın isə iki arzusu var: yataqxanadakı xəstə uşaqları sağaltmaq üçün həkim olmaq, bir də təzə ev. 









.