Bakıda "Xəmsə” milli intellektual oyunu üzrə I Azərbaycan çempionatının qalibləri məlum olub.
Turnirin seçmə mərhələsində 18 komanda iştirak edib. Onlardan16-sı yarışın final mərhələsində öz qüvvələrini sınayıblar. Çempionatda ilk 3 yeri tutan komandalar 6-7 dekabrda Bakıda keçirələcək "Xəmsə” milli intellektual oyunu üzrə Dünya çempionatına vəsiqə qazanıblar.
Yarışda birinci yeri "Slon v Udave” komandası tutub. "Jazz” komandası – ikinci, "M4A1” – üçüncü yerə layiq görülüb. Qaliblər kubok və medallarla savayı, Dünya çempionatında Azərbaycanı təmsil etmə hüququ qazanıblar.
Dünya çempionatında Latviya, Almaniya, İsrail, Belarusiya, Rusiya, Ukrayna, Türkmənistan, Özbəkistan, Qazaxstan, Gürcüstan, Moldova və Estoniya yığmaları çıxış edəcək.
Çempionat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin İntellektual İnkişaf Mərkəzi" tərəfindən keçiriləcək.
""Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincilikləri artıq neçə illərdir ki, keçirilir, - bu sözləri oyunun yaradıcısı və layihənin rəhbəri Faiq Hüseynov deyib. – Amma rus dilində Azərbaycan çempionatı ilk dəfədir keçirilir və respublikanın ən güclü bilicilərini bir yerə yığıb”.
.