"Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik".
Bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.
O bildirib ki, hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər.
"Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur".
Bunu Xələf Xələfov deyib.
Nazir müavini qeyd edib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür.
"Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür", - deyə o vurğulayıb.
"Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb. Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparırıq. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir".
Bunu da xarici işlər nazir müavini deyib.
Nazir müavini bildirib ki, Xəzər 5 ölkənin hüququ və yurisdiksiyası olan su hövzəsidir.
"Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələrə tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır", - deyə o qeyd edib.
"Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq".
Bunu da həmçinin nazir müavini qeyd edib.
X. Xələfov bildirib ki, delimitasiya müzakirə edildikdə neft yataqlarının müzakirəsi məhsuldar deyil: "Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar", - deyə nazir müavini bildirib
