"Razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub".
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X. Xələfov bildirib ki, Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb.
Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır.
Qeyd edək ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur.
"Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq".
Bunu da Xələf Xələfov bildirib.
O deyib kim, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.
"Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn ilin birinci yarısında konkret tarixdə Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi barədə təklif verəcək. Tədbirin tarixi Xəzəryanı dövlətlərin başçıları ilə razılaşdırılacaq".
X. Xələfov deyib ki, o vaxtadək razılaşdırılmış Konvensiya layihəsi müvafiq dövlətlərdə daxili prosedurlardan və digər texniki mərhələlərdən keçəcək.
.
