
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova məhkəməyə sədrlik edən hakimə etiraz verdi.
O, bu etirazını hakimin qərəzli olması ilə əsaslandırdı: "Hakim məhkəmədə tərəflərin bərabərsizliyi prinspini pozub. Prosesdə məni təhdid edərək 15 ilə qədər həbs cəzası gözlədiyini deyib, müdafiə tərəfinin verdiyi vəsatətlərin hec biri təmin edilməyib. Hakim məhkəmədə qərəz nümayiş etdirdiyini nəzərə alaraq cinayət işinin ondan alınıb qərəzsiz hakimə verilməsini tələb edirəm. İstintaq təcridxanasında insan alveri ilə baqlı təqsirləndirilən şəxslər var. Bu adamlara el arasında "mama Roza” deyirlər. O qadınların öz adamlarının başına açdıqları oyunlar Ramella Allahverdiyevanın Femidanın başına açdığı oyunların yanında heç nədir. Siz məhkəməni prokurorluğun kənizinə çevirmisiniz”.
Dövlət ittihamcısı etirazın təmin olunmamasını istədi: "Sizə qarşı hec bir qərəzin şahidi olmamışam. Məhkəmə prosesi şəffaf keçirilir. Hakimin sizi 15 il cəza gözləməsi ilə bağlı dedikləri təhdid deyil, bu, məlumat xarakteri daşıyır. Etiraz əsassızdır, təmin olunmasın”.
Vəsatət təmin edilmədi. Bundan sonra vəkil Fariz Namazlı əlavə şahidlərun dindirilməsi ilə bağlı vəsatət qaldırdı. Bu vəsatət də təmin olunmadı. Müdafiə tərəfinin "Azadlıq” radiosunun nümayəndəsi Adil İsmayılovun məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı vəsatəti də təmin olunmadı.
Daha sonra X.İsmayılova 15-ə yaxın vəsatətin hazırlanması və vəkilləri ilə görüşmık üçün vaxt istədi. Məhkəmə avqustun 18-dək təxirə salındı.
.