Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.APA-nın məlumatına görə, X. İsmayılın həbs müddəti mayın 24-dək uzadılıb. Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, "Azadlıq" radiosu və "Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda "Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T. Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-də işlədiyi müddətdə "Azadlıq" radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş Xədicə Rövşən qızı İsmayıl tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
İstintaqla həmçinin müəyyən edilib ki, T. Mustafayev X. İsmayıl tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.
Səbayel Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayıla barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət yanvarın 27-də 2 ay uzadılıb..
