Xarici ölkələrin vətəndaşları Azərbaycanda daha çox əmlak almağa başlayıblar.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən "Daşınmaz əmlak" jurnalı məlumat yayıb.
Məlumata görə, 2013-cü ildə xarici ölkə vətəndaşları Azərbayanda 1854 əmlak alıblar. Bu isə 2012-ci ilə nisbətən 353 vahid və ya 23,5 faiz çoxdur. Ümumilikdə son 2 ildə Azərbaycanda xaricilərə məxsus olan əmlakın sayında 50 faizə yaxın artım var.
ƏMDK-nin məlumatlarına görə, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı Bakıdır. Ötən il xaricilərə məxsus olan 1854 əmlakın əmlakın böyük hissəsi, yəni 1135-i və ya 60 faizindən çoxu paytaxtda yerləşib.
Amma getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Əcnəbilərə məxsus mal-mülk arasında regionların payı artmaqdadır. Belə ki, 3 il əvvəl - 2011-ci ildə xaricilərə məxsus olan əmlakın cəmi 29 faizi regionlarda idisə, indi bu göstərici 39 faizə çatıb.
Konkret regionlara gəlincə isə xaricilər ən çox Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarına üstünlük verirlər. Belə ki, əcnəbilər Xaçmazda 172 əmlak, Zaqatalada isə 124 əmlak alıblar. Sonrakı yerləri Sumqayıt (91 əmlak), Yevlax (69 əmlak) və Şəmkir (51 əmlak) tutur.
Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlak təbii ki, mənzillərdir. Əcnəbilərə məxsus olan əmlakın 1188-i və ya üçdə ikisi mənzillərdir.
Xaricilərin maraq göstərdiyi əmlak növləri arasında ikinci yeri fərdi yaşayış evləri tutur - hər 5 mülkdən biri fərdi evlərdir. Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Quba-Xaçmaz zonasında alıblar - 99 ev. Fərdi evlərin sayına görə sonrakı yeri Zaqatala-Balakən (68 ev) və Bakı (63 ev) tutur.
Əcnəbilərə məxsus olan torpaq sahələrinin sayı 220-dir. Fərdi evlərdə olduğu kimi torpaq sahələrində də xaricilər ən çox Quba-Xaçmaz (54 torpaq sahəsi) və Zaqatala-Balakən (48 torpaq sahəsi) zonalarına üstünlük verirlər. Xaricilərə məxsus torpaq sahələrinin sayına görə sonrakı yeri Şəmkir tutur - 34 torpaq sahəsi.
2012-ci illə müqayisədə xaricilərin torpaq sahələrinə marağı daha çox artıb - 63 faiz. Fərdi yaşayış evlərinin sayı 40 faiz, xaricilərə məxsus mənzillərin sayı isə 16 faiz yüksəlib.
Beləliklə, 2011-ci ildə xaricilər Azərbaycanda 1265 əmlak, 2012-ci ildə 1501 əmlak, 2013-c ildə isə 1854 daşınmaz əmlak alıblar.
.