Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər.
Bu barədə The Wall Street Journal mənbələrinə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Karni bir neçə ay ərzində avropalı liderlərlə Kanadanın Aİ ilə daha sıx inteqrasiyası variantlarını müzakirə edib. Baş nazir xüsusi nümayəndəsinə ölkənin ittifaqa və ya onun vahid bazarına üzvlüyünü nəzərdə tutmayan, əməkdaşlığın ən geniş formatlarını araşdırmağı tapşırıb.
Karni Ottava ilə Vaşinqton arasında ticarət münasibətlərinin gərginləşməsi fonunda Kanada iqtisadiyyatının ABŞ-dan asılılığını azaltmağa çalışır.
WSJ mənbələrinin sözlərinə görə, baş nazir onilliklər ərzində Amerika bazarı ilə sıx bağlı olan Kanada iqtisadiyyatını və ictimai həyatını yenidən istiqamətləndirmək niyyətindədir.
Bu ideya Aİ-də ilkin dəstək qazanıb. Bu isə ittifaqın üzvlük məsələlərinə ənənəvi ehtiyatlı yanaşmasına baxmayaraq baş verib.
ABŞ-ın bir sıra Kanada mallarına 50 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra Kanada ilə ABŞ arasındakı münasibətlər daha da gərginləşib. Ottava cavab tədbirləri elan edərək ticarət müharibəsinin başladığını bildirib. Daha sonra ABŞ 2027-ci il yanvarın 1-dən Kanada avtomobilləri, avtomobil hissələri və poladına 50 faizlik rüsumlar tətbiq etməyi planlaşdırdığını da açıqlayıb.
.
